


Türkiyə-Azərbaycan münasibətlərinin müxtəlif sahələri Bursada geniş təhlil edilib
İstanbul, 22 iyun, AZƏRTAC
Türkiyənin Bursa şəhərində Türkiyə-Azərbaycan münasibətləri və Qarabağ müharibəsinə iki qardaş ölkə perspektivindən baxış mövzunda “Türküaz” seminarı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Bursa Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyinin təşəbbüsü, Bursa Mudanya Universitetinin ev sahibliyi ilə təşkil olunub.
Türkiyənin müxtəlif bölgələrindən lisey şagirdlərinin iştirak etdiyi seminarda insan hüquqları, sənət, təhsil, maliyyə, tarix, ekologiya və beynəlxalq münasibətlər üzrə akademik müzakirələr aparılıb. Fərqli başlıqlarda aparılan müzakirəkərdə mövzular Azərbaycan–Türkiyə əlaqələri perspektivindən qiymətləndirilib, iki ölkə arasında əməkdaşlıq imkanları, ortaq dəyərlər və gələcək inkişaf istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.
Şagirdlər qeyd edilən mövzular çərçivəsində araşdırmalar apararaq təqdimatlar hazırlayıb, aktual qlobal məsələlərə və regional proseslərə dair elmi yanaşmalar ortaya qoyublar.
Tədbirdə çıxış edən Bursa Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyinin sədri Lətifə Nağdaliyeva seminarın əsas məqsədinin gənclərdə analitik düşüncə, araşdırma və müzakirə bacarıqlarının inkişaf etdirilməsi, eyni zamanda Azərbaycan–Türkiyə qardaşlıq əlaqələrinin elmi və mədəni müstəvidə daha da gücləndirilməsi olduğunu bildirib.
Bursa Mudanya Universitetinin rektoru professor Ahmet Kesik isə çıxışında Azərbaycan–Türkiyə münasibətlərinin tarixi və strateji əhəmiyyətinə diqqət çəkərək, elm və təhsil sahəsində əməkdaşlığın iki ölkə arasındakı əlaqələrin gələcəyi baxımından mühüm rol oynadığını vurğulayıb. O, Azərbaycanın Qarabağ məsələsində əldə etdiyi tarixi nailiyyətlərin və Türkiyənin Azərbaycana göstərdiyi siyasi dəstəyin qardaşlıq münasibətlərinin mühüm göstəricilərindən biri olduğunu vurğulayıb.
Seminar gənclərin dünya görüşünün genişlənməsi, elmi düşüncə vərdişlərinin formalaşması və Azərbaycan–Türkiyə əlaqələrinin gələcək nəsillər arasında daha da möhkəmlənməsi baxımından əhəmiyyətli bir platforma kimi qiymətləndirilib.
Türkiyə-Azərbaycan münasibətlərinin müxtəlif sahələri Bursada geniş təhlil edilib
Paytaxt sakinləri üçün ictimai dinləmə sosial xidmətlərə həsr olunacaq
QHT-lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qayda təsdiqlənib
İtaliyada təhsil alan azərbaycanlı: Əsas məqsədim qazandığım təcrübəni gənclərlə bölüşməkdir