×
A
A
A
Sazlamalar

İtaliyada təhsil alan azərbaycanlı: Əsas məqsədim qazandığım təcrübəni gənclərlə bölüşməkdir

Tbilisi, 22 iyun, AZƏRTAC
Bu gün Gürcüstan azərbaycanlıları arasında elə şəxslər var ki, onlar təkcə Gürcüstan və Azərbaycan deyil, bütün dünya elminə, arxitekturasına layiqli töhfələr verir, ölkəmizin, xalqımızın adını uca tutur, tanıdır və şöhrətləndirir. Onlardan biri də Gürcüstanın Marneuli rayonunun Kirəc-Muğanlı kəndində anadan olan və hazırda İtaliyanın “Politecnico di Milano” Universitetində doktorantura təhsili alan Təhmasib Mollaəyyubludur.
AZƏRTAC-ın xüsusi müxbiri Təhmasib Mollaəyyublu ilə söhbət edib, onun keçdiyi yol və qazandığı uğurlarla maraqlanıb.
Təhmasib Mollaəyyublu bildirib ki, 2005–2016-cı illər ərzində Bakı şəhərinin Nərimanov rayonunda yerləşən 200 nömrəli Məktəb-Lisey Kompleksində təhsil alıb. 2016-cı ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinə daxil olub və memarlıq ixtisası üzrə təhsil alıb: “Təhsilə Azərbaycan dilində başladım, birinci kursu başa vurduqdan sonra yenidən imtahan verərək ingilisdilli təhsil proqramına keçdim və təhsilimi ingilis dilində davam etdirdim. Universitetdə təhsil aldığım müddətdə əldə etdiyim yüksək akademik nəticələrə görə bir il ərzində Azərbaycan Memarlar İttifaqının təqaüdünə layiq görüldüm. Eyni zamanda, müxtəlif beynəlxalq və yerli tədbirlərdə könüllü kimi iştirak etməyə başladım. Bu tədbirlər sırasında Beynəlxalq Memarlar İttifaqının 2019-cu ildə Bakıda keçirilən tədbiri də var”.
Universitet təhsilinin ikinci və üçüncü kurslarından etibarən müxtəlif memarlıq şirkətlərində təcrübə proqramlarında iştirak etməyə başlayan Təhmasib Mollaəyyublu ilk peşəkar təcrübəsini “AtaLight” şirkətində memarlıq işıqlandırma həlləri sahəsində keçib. Daha sonra Azərbaycanın aparıcı tikinti şirkətlərindən birində fəaliyyət göstərib. 2020-ci ildə bakalavr təhsilini uğurla başa vuran gənc memar diplom layihəsi ilə Moskva Memarlıq İnstitutu tərəfindən təşkil olunan “Memarlıq, Dizayn və İncəsənət Sahəsində Ən Yaxşı Diplom İşlərinin XXIX Beynəlxalq Müsabiqəsi”ndə Birinci Dərəcəli Diplom mükafatına layiq görülüb. O, eyni zamanda, Memarlıq Təhsilinin Təşviqi üzrə Regionlararası İctimai Təşkilatın keçirdiyi eyniadlı beynəlxalq müsabiqədə də Birinci Dərəcəli Diplom alıb.
Təhmasib Mollaəyyublu bundan sonra təhsilini xarici ölkələrdə davam etdirmək qərarına gəlib: “Bakalavr təhsilimin son illərində magistr təhsilimi xaricdə davam etdirmək və beynəlxalq təcrübə qazanmaq qərarına gəldim. Universitetdə əldə etdiyim akademik nailiyyətlər, xarici dil biliklərim, müxtəlif seminar və tədbirlərdə iştirakımı təsdiqləyən sertifikatlar, eləcə də peşəkar təcrübələrim bir sıra xarici universitetlərə dəvət almağıma imkan yaratdı. Mən Cənubi Koreyanın ən nüfuzlu dövlət təqaüd proqramlarından biri olan GKS-ı (Global Korea Scholarship) seçdim. 2020-ci ildə bu proqram çərçivəsində Cənubi Koreyaya getdim. Təqaüd proqramının tələblərinə uyğun olaraq ilk bir il ərzində Koreya dili üzrə hazırlıq təhsili aldım. Bu təhsilimi Koreyanın Gvanqju şəhərində yerləşən “Chonnam National University”də tamamladım. Birillik dil proqramının sonunda tələb olunan Koreya dili sertifikatını əldə etdikdən sonra əsas magistr təhsilinə başladım”.
Beləliklə, o, magistr təhsilini Seul yaxınlığında yerləşən Suvon şəhərindəki Ajou Universitetinin Memarlıq fakültəsində Memarlıq ixtisası üzrə alıb. Təhsil müddətində professor Hwang Yinin rəhbərlik etdiyi ARTS laboratoriyasında tədqiqatçı assistent kimi fəaliyyət göstərən Təhmasib burada müxtəlif elmi və tətbiqi layihələr üzərində çalışıb, xüsusilə ağıllı və kinetik fasad sistemləri üzrə araşdırmalar aparıb. 2022-ci ildə Seul şəhərində keçirilən Koreya Memarlıq İnstitutunun Yaz Konfransında “Kinetik fasadların proqnozlaşdırılan idarəedilməsi üçün süni intellekt alqoritmlərinin performans müqayisəsi: Daxili məkanlarda gün işığı və parıltı simulyasiyaları üçün maşın öyrənməsi əsaslı əvəzedici modellər” mövzusunda məruzə ilə çıxış edib. 2022–2023-cü illərdə Ajou Universitetində müəllim köməkçisi kimi fəaliyyət göstərib. Bu müddət ərzində “Memarlığın anlaşılması”, “Məkanın formalaşdırılması”, “Memarlıq layihələndirilməsi” və “Rəqəmsal dizayna giriş” kimi fənlərin tədris prosesində iştirak edib, tələbələrin layihələrinin qiymətləndirilməsi və akademik fəaliyyətlərinin dəstəklənməsi ilə məşğul olub.
Təhmasib Mollaəyyublu təhsilinin doktorantura pilləsini İtaliyada davam etdirmək qərarına gəlib. O deyib: “Magistr təhsilimi başa vurduqdan sonra bir il ərzində Cənubi Koreyada fəaliyyət göstərən “M3 Systems” şirkətində memar kimi çalışırdım. Peşəkar fəaliyyətim zamanı anladım ki, özümü daha çox akademik mühitdə və elmi tədqiqat sahəsində görürəm. Buna görə də müxtəlif universitetlərin doktorantura proqramlarına müraciət etməyə başladım. Eyni zamanda, ADA Universitetinin xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi proqramına müraciət etdim və uğurla qəbul oldum. ADA Universitetinin dəstəyi ilə 2024-cü ildə İtaliyanın Politecnico di Milano Universitetində doktorantura təhsilinə başladım”.
Hazırda Politecnico di Milano Universitetinin Material Balance Research Lab Laboratoriyasında doktorant tədqiqatçı kimi fəaliyyət göstərən Təhmasibin elmi fəaliyyəti əsasən müasir tikinti metodları, fasad sistemləri, modul tikinti texnologiyaları və layihələndirmə metodologiyalarını əhatə edir. Bununla yanaşı, universitetdə müxtəlif fənlər üzrə müəllim köməkçisi kimi fəaliyyət göstərir, mühazirələrin keçirilməsində iştirak edir və tələbələrlə layihələri üzərində işləyərək onlara akademik dəstək göstərir.
O, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasında (WUF13) da iştirak edib. “ADA Universiteti WUF13 tədbirinin elmi tərəfdaşlarından biri olduğu üçün mən də universitetin nümayəndələrindən biri kimi 2026-cı ilin may ayında Bakıda keçirilən tədbirdə iştirak etdim. WUF13-ün əsas mövzusu “Hamı üçün mənzil: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” idi. Forum çərçivəsində müxtəlif ölkələrdən gəlmiş ekspertlər, tədqiqatçılar və siyasətçilər şəhərsalma, mənzil siyasəti, sosial yaşayış layihələri və dayanıqlı inkişaf mövzularında çıxışlar etdilər. Tarixi vətənim Azərbaycanda hamı üçün əlçatan mənzil təminatı, qeyri-rəsmi yaşayış məskənlərinin transformasiyası, şəhərlərin bərpası və yenidən qurulması, eləcə də iqlim dəyişikliklərinə qarşı dayanıqlılığın artırılması bu sahədə prioritet istiqamətlərdən hesab olunur. Tədbir mənim üçün həm peşəkar, həm də şəxsi inkişaf baxımından olduqca faydalı oldu. Müxtəlif ölkələrdən olan mütəxəssislərlə tanış olmaq, təcrübə mübadiləsi aparmaq və gələcək əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı əldə etdim. Ümumilikdə WUF13-ün şəhərsalma sahəsində aktual problemlərin müzakirəsi üçün mühüm beynəlxalq platforma rolunu oynadığını düşünürəm”, - deyə o vurğulayıb.
Təhmasib Mollaəyyublu gələcək planlarından da danışıb. O diqqətə çatdırıb ki, həm öz layihələri üzərində çalışmaq, həm də akademik fəaliyyətini davam etdirmək niyyətindədir. Təhmasib Mollaəyyublu elmi tədqiqatların və praktik memarlıq fəaliyyətinin paralel şəkildə inkişaf etdirilməsinin daha uğurlu nəticələr verdiyinə inanır. O, Politecnico di Milano Universitetində doktorantura təhsilimi başa vurduqdan sonra Azərbaycana qayıdaraq ADA Universitetinin Memarlıq fakültəsində fəaliyyət göstərməyi planlaşdırır. Əsas məqsədi xaricdə təhsil və iş fəaliyyəti dövründə qazandığı beynəlxalq təcrübəni, bilik və bacarıqları azərbaycanlı gənclərlə bölüşməkdir: “İstəyirəm ki, gələcək nəsil memarlar və tədqiqatçılar beynəlxalq səviyyədə rəqabət apara bilən, öz bilik və ideyaları ilə dünya miqyasında tanınan mütəxəssislərə çevrilsinlər. Bu istiqamətdə onların peşəkar və akademik inkişafına töhfə verməyi özüm üçün vacib məqsədlərdən biri hesab edirəm”.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 

Cəmiyyət 2026-06-22 18:57:00