×
A
A
A
Sazlamalar

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Qəbələdə qastrol səfərində olub VİDEO

Qəbələ, 22 iyun, AZƏRTAC

Ölkənin aparıcı musiqi kollektivlərindən olan Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Qəbələ rayon Mədəniyyət Mərkəzində konsert proqramı ilə çıxış edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mustafa Mehmandarovun dirijorluğu ilə keçən musiqi gecəsində Azərbaycan və xarici ölkə bəstəkarlarının ölməz əsərləri səsləndirilib. Repertuara Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən fraqmentlər, Oqtay Zülfüqarovun “Şənlən, mənim xalqım” uvertürası, Musa Mirzəyevin “Poema-Noktürn”, Kamil Sen-Sansın “İntroduksiya və Rondo Kapriççiozo” və Fikrət Əmirovun “Azərbaycan kapriççosu” əsərləri daxil edilib. Gecəyə Nəcəf Vəliyev trubada, Kənan Məmmədzadə isə violində solo çıxışları ilə rəng qatıblar.
Trubada solo ifa edən Nəcəf Vəliyev təəssüratlarını AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşərək qeyd edib ki, mədəniyyət mübadiləsi çərçivəsində bölgələrdə təşkil edilən belə layihələr mühüm hadisədir: "Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən bu konsertlər yerli sakinlərin mədəni həyatında və mənəvi istirahətində mühüm rol oynamaqla yanaşı, həm də musiqiçilərin bir növ hesabat çıxışına çevrilir".
Qeyd edək ki, konsert Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkənin aparıcı bədii kollektivlərinin həm Bakını, həm də regionları əhatə edən genişmiqyaslı qastrol proqramı çərçivəsində reallaşıb.

Müxbir - Rasim İslamoğlu

Regionlar 2026-06-22 19:15:00

Video