


Naxçıvanda beynəlxalq reytinqli şahmat turnirinin qalibləri mükafatlandırılıb
Naxçıvan, 22 iyun, AZƏRTAC
İyunun 22-də Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və “Naxış-Nərgiz” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq reytinqli şahmat turnirinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Baş hakim Urfan Sevdimalıyev yarışın gedişatı barədə ətraflı məlumat verib.
Sonra turnirin baş hakimi Urfan Sevdimalıyev, hakimlər Əli Hüseynzadə və Ramilə Hüseynova təltif olunublar. Ardınca qaliblər mükafatlandırılıb. I yerin sahibi Mirsaleh Seyidov, II yerin sahibi Yasin Əzimov və III yerin sahibi Nəsrin Babayeva təltif ediliblər.
Yaş kateqoriyaları üzrə də qaliblər mükafatlandırılıb. Ən kiçik şahmatçılar Tuncay Behbudov və Dəniz Abbasbəyli, 8 yaş kateqoriyası üzrə Ayla Cəfərli, 10 yaş üzrə Məhəmməd Rza, 12 yaş üzrə Rail Qasımlı, 14 yaş üzrə Lətif Muradlı, veteranlar arasında Adil Sevdimalıyev, qadınlar arasında isə Nigar Qənbərli fərqləniblər.
Mükafatları Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Bəxtiyar Məmmədov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov və “Naxış-Nərgiz” MMC-nin icraçı direktoru Nüsrət Mehdiyev təqdim ediblər.
Zaqatalada küləyin yaratdığı fəsadlar aradan qaldırılır
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Qəbələdə qastrol səfərində olub VİDEO
Naxçıvanda beynəlxalq reytinqli şahmat turnirinin qalibləri mükafatlandırılıb
Nazir Məcnun Məmmədovun Lerikdə keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Şimal regionunun intellektual mərkəzi - ADPU-nun Quba filialı 35 illik yubileyini qeyd edir