


“AzerGold”da Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş baş tutub
Bakı, 20 iyun, AZƏRTAC
“AzerGold” QSC-də İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantıları çərçivəsində ölkəmizdə səfərdə olan Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru Adam Roble ilə görüş keçirilib.
QSC-dən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü - sədrin müavini Xəyyam Fərzəliyev şirkətin fəaliyyətinin əsas istiqamətləri, əldə etdiyi nəticələr və dayanıqlı inkişaf sahəsində gördüyü işlər barədə danışıb. O, Cəmiyyət tərəfindən geoloji kəşfiyyat, hasilat və emal proseslərinin beynəlxalq qabaqcıl təcrübəyə uyğun həyata keçirildiyini diqqətə çatdırıb, həmçinin mövcud layihələr və gələcək inkişaf perspektivləri barədə ətraflı məlumat verib.
Adam Roble təmsil etdiyi maliyyə institutunun fəaliyyəti və Somalinin mineral resurs potensialı haqqında bəhs edib. O qeyd edib ki, bank hazırda Somalinin qızıl, uran, litium və titan kimi zəngin yeraltı sərvətlərinin öyrənilməsi, xəritələşdirilməsi və tarixi geoloji məlumatların bərpasını nəzərdə tutan milli proqramın icrasında iştirak edir.
Baş direktor beynəlxalq investorların cəlb edilməsi, geoloji kəşfiyyat və hasilat sahələri üzrə “AzerGold” QSC-nin qabaqcıl təcrübəsindən faydalanmaq niyyətində olduqlarını vurğulayıb.
Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək tərəfdaşlıq imkanlarının konkret müstəvidə müəyyən edilməsi məqsədilə xarici layihələrin inkişafı üzrə məsul struktur bölmələr səviyyəsində məlumat mübadiləsinin davam etdirilməsi barədə razılığa gəlinib.
Hacıqabul Sənaye Parkında 463,7 milyon manatlıq məhsul satışı həyata keçirilib
Ekspert: “Huawei”nin filmi Xınalığın timsalında rəqəmsal inkişafın nəticələrini ortaya qoyur
Azərbaycan komandası beynəlxalq kibertəhlükəsizlik yarışında ilk beşlikdə yer alıb
Bakının bir sıra rayonlarında suyun verilişində müvəqqəti qrafik rejimi tətbiq olunur