


Qazax-Tovuz regionunda 6678 şagird məzun olub
Qazax, 13 iyun, AZƏRTAC
Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” çalınıb.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, “Son zəng” tədbirlərində elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev, yerli icra hakimiyyəti orqanlarının, Qazax-Tovuz Regional Təhsil İdarəsinin, habelə rayonlar üzrə təhsil sektorlarının rəhbər heyəti və əməkdaşları, şəhid ailələri, qazilər, məktəb icmalarının və ictimaiyyətin nümayəndələri, eləcə də məzunlar iştirak ediblər.
Dövlət Himninin sədaları altında Azərbaycan Bayrağının yüksəldilməsi ilə başlanan “Son zəng” tədbirlərində məzunların və şagirdlərin iştirakı ilə mahnılar və rəqslərdən ibarət bədii kompozisiyalar nümayiş etdirilib, maraqlı səhnəciklər göstərilib.
Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər məktəb rəhbərliyi tərəfindən təltif olunublar.
“Son zəng” tədbirləri məktəblərin daxilində keçirilib və müəyyən edilmiş müddət ərzində başa çatıb.
Qeyd edək ki, 2025-2026-cı tədris ilində Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərini 7332, IX siniflərini 9139, XI siniflərini isə 6678 şagird başa vurub.
Müxbir - Ruslan Novruzoğlu
Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb
Qazax-Tovuz regionunda 6678 şagird məzun olub
Naxçıvanda 3698 şagird məzun olub VİDEO
Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub