


Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub
Şəki, 13 iyun, AZƏRTAC
Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ikinci dəfə Azərbaycanın idarəçilik sükanı arxasına keçdikdən sonra xalqımızı qardaş qırğınından, vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən xilas edib. Ulu Öndər müasir tariximizə dövlətçiliyimizin xilaskarı, banisi və qurucusu kimi daxil olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Şəki Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən toplantıda səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Ulu Öndərin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən bəhs ediblər. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Xalqımız Ulu Öndərin əziz xatirəsini həmişə uca tutur və böyük ehtiramla yad edir, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.
Çıxışlarda qeyd olunub ki, Ulu Öndərin qətiyyətlə həyata keçirdiyi enerji strategiyası, uğurlu sosial-iqtisadi islahatları, demokratik cəmiyyətin qurulması istiqamətində gördüyü işlər ölkəmizin sürətli inkişafını təmin edib. Müstəqil Azərbaycanın əldə etdiyi uğurlar birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Vurğulanıb ki, bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirir və dahi rəhbərin vəsiyyətini yerinə yetirərək torpaqlarımızı işğaldan azad edib.
Tədbirdə 15 İyun – Milli Qurtuluş Günü ərəfəsində YAP sıralarına yeni qəbul edilmiş bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib.
Sonda “Xalqın taleyini dəyişən zəfər günü” adlı sənədli film nümayiş olunub.
Müxbir – Mustafa Dadaşov
Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb
Qazax-Tovuz regionunda 6678 şagird məzun olub
Naxçıvanda 3698 şagird məzun olub VİDEO
Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub