×
A
A
A
Sazlamalar

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Bakı, 13 iyun, AZƏRTAC

Bakı şəhəri Nərimanov rayonundakı 193 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə məzunlar, məktəbin rəhbərliyi və pedaqoji kollektivi, valideynlər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nihal Hacıyeva məzunları təbrik edərək bildirib ki, “Son zəng” yalnız məktəb həyatının başa çatması deyil, eyni zamanda gənclərin müstəqil həyata atdığı ilk ciddi addımın xəbərçisidir. Qeyd edib ki, bu il məktəbdən120 şagird məzun olub. O, şagirdlərə ali təhsil və gələcək peşə fəaliyyətlərində uğurlar arzulayaraq, onların ölkəmizin inkişafına layiqli töhfələr verəcəklərinə əminliyini ifadə edib.
Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli bildirib ki, bu il Azərbaycanın ümumtəhsil məktəblərini 110 mindən çox məzun bitirir. O vurğulayıb ki, məzunlar arasında işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən məktəblərin şagirdlərinin də olması xüsusi sevinc doğurur. M.Kərimli gənclərə milli-mənəvi dəyərlərə sadiq qalmağı, müasir bilik və bacarıqlara yiyələnərək ölkənin gələcəyinin qurulmasında fəal iştirak etməyi tövsiyə edib.
Tədbirdə çıxış edən valideynlər və müəllimlər məzunların əldə etdikləri nailiyyətlərdən bəhs edərək, onların yeni həyat mərhələsində uğur qazanacaqlarına inandıqlarını bildiriblər.
Sonra tədris ili ərzində fərqlənən məzunlara fəxri fərman təqdim edilib.
Daha sonra məzunların hazırladıqları ədəbi-bədii kompozisiyalar təqdim olunub.

Elm və təhsil 2026-06-13 15:31:00