×
A
A
A
Sazlamalar

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Bakı, 13 iyun, AZƏRTAC

Hər bir insanın özünü tanımaq, daxili sağalma və harmoniya tapmaq üçün vasitələrə ehtiyacı var. Belə vasitələrdən biri də səsdir. İnsan özünü səs, oxuma və onun yaratdığı titrəyişlər vasitəsilə ifadə edə bilər ki, bu da emosional vəziyyətə dərin təsir göstərir.
Bunu AZƏRTAC-ın müxbiri ilə söhbətində “Nine Senses” incəsənət mərkəzinin yoqa müəllimi və “Nine Senses Fest” festivalının əsas iştirakçılarından biri Qafar Qənizadə deyib.
“Bu il “Nine Senses Art Centre”də muğamı, meditasiyanı və yoqanı birləşdirən eksperimental layihə həyata keçirdik. Muğamı araşdırarkən yeddi çakra ilə bu qədim musiqi sənətinin yeddi əsas istiqaməti arasında maraqlı əlaqə aşkar etdim. Bu elementləri birləşdirərək insanın daxili transformasiyasına yönəlmiş xüsusi terapevtik meditasiya konserti yaratdıq”, – deyə o bildirib.
Onun sözlərinə görə, belə format iştirakçılara ən dərin hissləri ilə təmas qurmağa, uzun müddət daxilində saxladıqları duyğuları yaşamağa və onlardan azad olmağa kömək edir.
“Bu təcrübə insana təkcə dərin rahatlıq vəziyyətinə çatmağa deyil, həm də daxili yenilənmə, emosional azadlıq və güclü həyat enerjisi axını hiss etməyə imkan verir”, – deyə həmsöhbətimiz vurğulayıb.
Mənəvi təcrübələrə marağın artmasından danışan Q.Qənizadə bildirib ki, bu gün getdikcə daha çox insan şüurlu həyata və daxili inkişafa can atır.
“Mən əminəm ki, hamımız bir-birimizlə bağlıyıq. İnsan öz üzərində işləməyə, yoqa ilə məşğul olmağa, düşüncə tərzini və həyatını dəyişməyə başlayanda bu dəyişikliklər mütləq ətrafındakılara da təsir göstərir. Şəxsi nümunə digər insanları da şəxsi harmoniya və özünü tanıma yolunu axtarmağa ruhlandırır. Getdikcə daha çox insanı əhatə edən müsbət dəyişikliklər zənciri məhz bu cür yaranır”, – deyə o əlavə edib.

Müxbir – Günel Alıyeva
Video – Ceyhun Mustafayev

Mədəniyyət 2026-06-13 02:44:00