×
A
A
A
Sazlamalar

ATMU-da imtahan sessiyası çərçivəsində “Açıq qapı” günü təşkil olunub

Bakı, 12 iyun, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) bakalavriat və magistratura səviyyələri üzrə 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyası davam edir. Sessiya çərçivəsində universitetdə “Açıq qapı” günü keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə universitetin rektoru İlham Mədətov, tədris işləri üzrə prorektor Zaur Bağırlı, təhsil məsələləri üzrə rektor müşaviri Fərid Cabbarlı, fakültə dekanları və İmtahan Qərargahının üzvləri iştirak ediblər. Əvvəlcə qonaqlara imtahan sessiyasının təşkili və gedişatı barədə məlumat verilib. Bildirilib ki, sessiyanın gedişatına operativ nəzarətin həyata keçirilməsi və tələbələrin biliklərinin qiymətləndirilməsində şəffaflığın təmin olunması məqsədilə universitetdə İmtahan Qərargahı və Apellyasiya Komissiyası yaradılıb. Həmçinin tələbə müraciətlərinin operativ cavablandırılması üçün “Qaynar xətt” fəaliyyət göstərir.
Rektor vurğulayıb ki, İmtahan Qərargahına daxil olan bütün müraciət və şikayətlər araşdırılacaq, aşkarlanan nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlər görüləcək.
Qeyd olunub ki, universitetdə yaz semestrinin imtahan sessiyası iyunun 1-dən başlayıb və 5 həftə davam edəcək. İmtahanlar yazılı, şifahi, layihə təqdimatı, test və elektron yazılı formatlarda keçirilir. Üzrlü səbəbdən imtahanlarda iştirak edə bilməyən tələbələrə isə iyulun 10-dək imtahan vermək imkanı yaradılacaq. İmtahan sessiyası Azərbaycan Respublikasının elm və təhsil nazirinin 21 aprel 2026-cı il tarixli müvafiq əmrinə uyğun təşkil olunur.
Məlumata görə, sessiya dövründə operativ nəzarətin, eləcə də qiymətləndirmədə şəffaflıq və obyektivliyin təmin olunması məqsədilə yaradılmış İmtahan Qərargahına rektor İlham Mədətov rəhbərlik edir. Qərargahın tərkibində universitet rəhbərliyi ilə yanaşı, Milli Məclisin deputatları, valideynlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və digər ali təhsil müəssisələrinin professor-müəllim heyətinin üzvləri də təmsil olunurlar.

Elm və təhsil 2026-06-12 15:52:00