×
A
A
A
Sazlamalar

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Budapeşt, 6 iyun, AZƏRTAC

Macarıstanda aztəminatlı ailələr üçün nəzərdə tutulmuş və 100 faiz dövlət tərəfindən maliyyələşdirilən Günəş enerjisi proqramı ciddi problemlərlə üzləşib.
AZƏRTAC xəbər verir ki, yerli medianın məlumatına görə, layihələrin tamamlanmaması səbəbindən minlərlə ailə yaxın günlərdə milyonlarla forint məbləğində vəsaiti geri qaytarmaq riski ilə qarşılaşa bilər.
Söhbət 2021-ci ildə aşağı gəlirli ailələr üçün istifadəyə verilmiş Günəş paneli və istilik sistemlərinin elektrikləşdirilməsi proqramından gedir. Bir çox layihələr yarımçıq qalıb: bəzi evlərdə panellər quraşdırılsa da, akkumulyatorlar və istilik nasosları hələ də təhvil verilməyib. Bu səbəbdən layihələr rəsmi şəkildə bağlana bilmir.
Macarıstan Günəş Enerjisi və Günəş Kollektorları Assosiasiyasının vitse-prezidenti Laslo Silaginin sözlərinə görə, problemin əsas səbəbi vaxt azlığı deyil, uzun illərdir həll olunmayan maliyyə problemi və inzibati çətinliklərdir. Onun fikrincə, podratçı şirkətlərin bir qismi dövlət ödənişlərinin gecikməsi səbəbindən maliyyə böhranına düşüb və işləri başa çatdıra bilmir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, vəziyyətə təcili müdaxilə olunmasa, günahı olmayan ailələr dövlət dəstəyinin bir hissəsini geri ödəməyə məcbur qala bilərlər.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Dünya 2026-06-06 14:08:00