


Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
Bakı, 5 iyun, AZƏRTAC
Bu, bizim Avropa Liqasında ilk oyunumuz idi. İsveç voleybolçularının güclü olduğunu bilsək də, qələbəyə köklənmişdik. Təəssüf ki, səhvlərimiz çox oldu, xüsusilə də ilk iki setdə. Üçüncü setdə daha az səhv etdik və başabaş mübarizə apardıq. Ona görə də sonuncu set daha gərgin keçdi. Dönüş etmək şansımız olsa da, rəqib son xalları bizim səhvimizdən əldə etdiyindən seti də, oyunu da xeyrinə tamamladı.
Bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova İsveç yığması ilə oyundan sonra AZƏRTAC-a açıqlamasında deyib.
"Hər bir elementdə səhvlərimiz oldu. Həm qəbul, həm blokda istədiyimiz kimi oynamadıq. Düşünürəm ki, bugünkü oyun bizə dərs oldu. Növbəti matçımız iyunun 7-də Estoniyaya qarşı olacaq. Məğlubiyyəti unudub, səhvlərimiz üzərində işləyib Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq", - deyə kapitan vurğulayıb.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən oyun İsveç millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb (25:19, 25:14, 25:23).
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
Millinin minifutbolçusu: Avropa çempionatında minimum hədəfimiz finala yüksəlmək idi
Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir