×
A
A
A
Sazlamalar

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir

Bakı, 5 iyun, AZƏRTAC

Gözlənildiyi kimi, çempionatdakı oyunlarımız kifayət qədər çətin keçdi. Qrup mərhələsini birinci pillədə başa vurduğumuz üçün sonrakı mərhələlərdə güclü rəqiblərlə qarşılaşdıq. Buna baxmayaraq, futbolçularımız yarışa yüksək səviyyədə hazırlaşmışdılar. Təlim-məşq toplanışları və fiziki hazırlıq prosesi istədiyimiz səviyyədə idi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Minifutbol Federasiyasının vitse-prezidenti Taleh Nəsibov millinin Slovakiyada təşkil edilən Avropa çempionatının qalibi olması ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma zamanı jurnalistlərə açıqlamasında deyib.
O, Azərbaycan yığmasının dünya çempionu statusunun komandanın üzərinə əlavə məsuliyyət qoyduğunu qeyd edib: “Biz son dünya çempionuyuq və bu amil futbolçuların məsuliyyətini daha da artırırdı. Dünya çempionatından sonra da hazırlıq prosesinə çox ciddi yanaşdıq və bunun bəhrəsini Avropa çempionluğunu qazanmaqla gördük”.
Federasiya rəsmisi yarışın ilk günündən etibarən komandaya dəstək göstərən Azərbaycanın Slovakiyadakı səfirliyinə, eləcə də tribunada yığmanı tək qoymayan azarkeşlərə minnətdarlığını bildirib: “Slovakiyada yaşayan və Avropanın müxtəlif şəhərlərindən gələrək bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. Onların dəstəyi futbolçular üçün böyük motivasiya mənbəyi oldu. Komandamız hər oyuna yalnız qələbə məqsədilə çıxırdı. Nəticədə ikiqat Avropa və birqat dünya çempionu kimi vətənə qayıtdıq”.
T.Nəsibov, həmçinin Prezident İlham Əliyevə Azərbaycan idmanına və idmançılara göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü ifadə edib: “Dövlətimizin başçısı tərəfindən komandamız üçün 1 milyon manat məbləğində mükafatın ayrılması bizi qürurlandırdı. Prezident hər bir uğurumuzdan sonra bizi qəbul edir, öz dəstəyini əsirgəmir. Bu diqqət və qayğı futbolçular üçün hər zaman böyük motivasiya rolunu oynayır”.
Xatırladaq ki, komandamız qitə çempionluğu uğrunda görüşdə Ukrayna seçməsini sınağa çəkib. Rəqibini 2:0 hesabı ilə məğlub edən Azərbaycan millisi Avropa çempionu olub.
Yığmamız 2022-ci ildə də qitənin ən güclüsü olmuşdu.

Müxbir - Aynur Əlixanlı
Operator - Vüsal Tağıyev
Fotoqraf - Orxan Məmmədov

İdman 2026-06-05 20:11:00