


Çin şirkətləri Azərbaycanın iqtisadi potensialı və işgüzar mühiti barədə məlumatlandırılıb
Bakı, 5 iyun, AZƏRTAC
Pekində Çin şirkətlərinin Azərbaycanla iqtisadi-ticarət əməkdaşlığının təşviqi məqsədilə tədbir keçirilib. Tədbir Çin-Avropa Texniki və İqtisadi Əməkdaşlıq Assosiasiyasının (CEATEC) Sənayenin Xarici Bazarlara Çıxışı üzrə İşçi Komitəsi və Azərbaycanın Çində ticarət nümayəndəsi aparatının birgə təşkilatçılığı ilə təşkil olunub.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, Çin-Avropa Texniki və İqtisadi Əməkdaşlıq Assosiasiyasının (CEATEC) Sənayenin Xarici Bazarlara Çıxışı üzrə İşçi Komitəsinin sədri Qon Vanson tədbirin Çin şirkətlərinin Azərbaycan bazarı ilə daha yaxından tanış olması və ikitərəfli işgüzar əlaqələrin inkişafı baxımından əhəmiyyətini qeyd edib.
Azərbaycanın Çində ticarət nümayəndəsi Teymur Nadiroğlu ölkəmizin iqtisadi inkişaf prioritetləri, əlverişli coğrafi mövqeyi, regional bağlantı imkanları və investorlar üçün yaradılmış fürsətlər barədə danışıb. Çinlə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün mövcud potensial diqqətə çatdırılıb, Çin şirkətlərinin Azərbaycan vasitəsilə region bazarlarına çıxış imkanları vurğulanıb.
Tədbirdə Azərbaycanda xarici investorlar üçün tətbiq olunan dəstək mexanizmləri, investisiya təşviqi alətləri haqqında təqdimat olub.
“Sino-Foreign Economic Cooperation (Beijing) Science & Trade Co., Ltd.” şirkətinin baş direktor müavini, Pekin şəhərindəki Azərbaycan Ticarət Evinin məsul nümayəndəsi Ma Yüe “Made in Azerbaijan” məhsullarının Çin bazarında təşviqi və satış kanallarının genişləndirilməsi istiqamətində görülən işlər barədə iştirakçıları məlumatlandırıb.
Tədbir çərçivəsində şirkət nümayəndələri ilə tərəfdaşlığa dair müzakirələr aparılıb, Azərbaycan bazarına çıxış, investisiya layihələrində iştirak, yerli tərəfdaşlarla əməkdaşlıq, idxal-ixrac prosedurları və logistika marşrutları ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi olub.
Ekspert: BƏƏ-Azərbaycan layihələri enerji sahəsində tərəfdaşlığın inkişafı üçün möhkəm əsas yaradır
Hidrogen enerjisi BƏƏ-Azərbaycan enerji tərəfdaşlığının növbəti mərhələsi ola bilər – RƏY
Çin şirkətləri Azərbaycanın iqtisadi potensialı və işgüzar mühiti barədə məlumatlandırılıb
® “Azercell” IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellektəsaslı həllərini təqdim edib