


Keçmiş voleybolçu: Azərbaycan millisinin İsveçlə oyunda yaxşı nəticə qazanacağına inanıram
Bakı, 5 iyun, AZƏRTAC
Azərbaycan yığmasının bugünkü oyunda yaxşı nəticə göstərəcəyinə inanıram.
Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın voleybolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Katerina Jidkova yığmanın Avropa Liqasında İsveç seçməsi ilə keçirəcəyi oyun barədə danışarkən deyib.
O, milli komandanın qələbə qazanmaq üçün kifayət qədər potensiala malik olduğunu vurğulayıb: “İsveç yığması güclü rəqibdir və son illərdə inkişaf edən komandalardan biridir. Buna baxmayaraq, Azərbaycan millisinin heyətində də kifayət qədər keyfiyyətli voleybolçular var. Düşünürəm ki, komandamız meydanda öz oyununu nümayiş etdirə bilsə, müsbət nəticə qazanmaq mümkündür. İlk oyunlarda həmişə müəyyən gərginlik olur. Lakin voleybolçularımızın azarkeşləri sevindirəcək nəticə üçün sonadək mübarizə aparacağına inanıram”.
Sabiq voleybolçu Bakıda keçirilən FIVB-nin beynəlxalq məşqçi seminarı barədə də fikirlərini bölüşüb: “Bu kurs çox intensiv keçir. Burada çox maraqlı və faydalı məlumatlar əldə edirik. Voleybola müxtəlif aspektlərdən yanaşmaq imkanı qazanırıq. Seminar həm yerli məşqçilər, həm də voleybol ictimaiyyəti üçün çox vacib platformadır. Belə kurslar beynəlxalq təcrübənin öyrənilməsi, müasir məşq metodlarının mənimsənilməsi və bilik mübadiləsinin aparılması baxımından böyük rol oynayır”.
K.Jidkova vurğulayıb ki, bu cür layihələr Azərbaycan voleybolunun inkişafına müsbət təsir göstərir: “Məşqçilərin bilik və bacarıqlarının artırılması nəticə etibarilə həm klubların, həm də milli komandaların inkişafına xidmət edir. Düşünürəm ki, bu kursun iştirakçıları əldə etdikləri bilikləri gələcək fəaliyyətlərində uğurla tətbiq edəcəklər”.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək Azərbaycan - İsveç matçı saat 18:00-da başlayacaq.
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
Millinin minifutbolçusu: Avropa çempionatında minimum hədəfimiz finala yüksəlmək idi
Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO