


BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
Bakı, 5 iyun, AZƏRTAC
Xəzər dənizinin qorunması, iqlim böhranı ilə mübarizə və ətraf mühit fəallarının təhlükəsizliyinin təmin edilməsi qlobal ictimaiyyət üçün ən aktual problemlərdən biri olaraq qalır.
AZƏRTAC xəbər verir ki, bu fikir Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ətraf Mühit Günü münasibətilə dərc olunmuş sənədlərində qeyd edilib.
Bu il Ümumdünya Ətraf Mühit Gününün əsas beynəlxalq tədbirləri Azərbaycanda keçirilir. BMT sənədinə görə, Bakı Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) tərəfindən təşkil edilən kampaniyanın qlobal platformasına çevrilib.
Xəzər dənizinin dayazlaşması regionun ətraf mühit gündəliyində əsas mövzu olaraq qalır. Mütəxəssislər dünyanın ən böyük qapalı su hövzəsində suyun səviyyəsinin iqlim dəyişikliyi və artan buxarlanma səbəbindən qarşıdakı onilliklərdə azalmağa davam edəcəyini təxmin edirlər.
Onlar xəbərdarlıq edirlər ki, Xəzər dənizinin daha da kiçilməsi sahilyanı dövlətlərin iqtisadiyyatına ciddi təsir göstərə və dənizin unikal ekosistemini təhdid edə bilər. Xüsusi narahatlıq doğuran məsələ dünya populyasiyasının əhəmiyyətli bir hissəsinin Xəzər dənizində olduğu nərə balığının taleyidir.
Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsinin ofisinin baş məsləhətçisi Faiq Mütəllimov vurğulayıb ki, Xəzər dənizi region xalqlarının mədəni irsinin və kimliyinin vacib bir hissəsidir, onun qorunması bu gün kollektiv və məsuliyyətli fəaliyyət tələb edir.
BMT-nin Baş katibi Antonio Quterreş Ümumdünya Ətraf Mühit Günü münasibətilə rəsmi müraciətində planetin bəşəriyyətə getdikcə daha çox həyəcanverici siqnallar göndərdiyini vurğulayıb. “Son on bir il tarixdə ən isti dövr olub. Bunun vurduğu ziyan sadəcə temperaturun yüksəlməsi deyil, həm də hava çirkliliyi səbəbindən torpaqların deqradasiyası, ekosistemin məhvi və biomüxtəlifliyin itirilməsi problemləridir. Bu, insan sağlamlığına zərər verir, evləri dağıdır və aclıq fəlakətini daha da artırır”, - deyə BMT-nin rəhbəri bildirib.
Quterreş xəbərdarlıq edib ki, dünya sürətlə 1,5 dərəcə Selsi istiləşmə həddini müvəqqəti olaraq aşmağa doğru irəliləyir. Hər onda bir dərəcə yeni dağıntılar gətirir və bu səbəbdən ən həssas təbəqə üçün qlobal birliyin əsas vəzifəsi bu artıqlığı minimuma endirmək və tez bir zamanda normal vəziyyətə qayıtmaqdır.
Baş katib enerji təhlükəsizliyinə aparan yeganə davamlı yol kimi tullantıların kəskin azaldılmasını, qazıntı yanacaqlarından bərpaolunan enerjiyə ədalətli keçidin sürətləndirilməsini və metan tullantılarının sürətlə azaldılmasını müəyyən edib. O, həmçinin inkişaf etmiş dövlətlərə həyatları xilas etmək və iqtisadiyyatları gücləndirmək üçün inkişaf etməkdə olan ölkələr qarşısındakı maliyyə öhdəliklərini yerinə yetirmələrinin vacibliyini xatırladıb.
BMT, həmçinin ətraf mühit fəallarının vəziyyəti ilə bağlı narahatlığını bildirib. Strasburqda keçirilən ətraf mühitin mühafizəsi üzrə insan hüquqları müdafiəçilərinin Birinci Avropa Forumunda çıxış edən BMT-nin insan hüquqları üzrə Ali komissarı Folker Türk xatırladıb ki, Avropada temperatur qlobal orta göstəricidən iki dəfə sürətlə artır. Bundan əlavə, Avropada şəhər sakinlərinin 95 faizi təhlükəsizlik standartlarına cavab verməyən hava ilə nəfəs almağa məcburdur. Bu qitənin təbii yaşayış mühitlərinin 80 faizindən çoxu qeyri-qənaətbəxş və ya kritik vəziyyətdədir.
Bundan əlavə, UNEP Paris şəhəri ilə birlikdə şəhərlərin həddindən artıq istiyə qarşı dayanıqlığını artırmağa yönəlmiş beynəlxalq “50@50” təşəbbüsünə start verib. Dünyanın 50-dən çox şəhəri yaşıl sahələrin genişləndirilməsi, soyutma mərkəzlərinin yaradılması və isti dalğası ilə bağlı erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi daxil olmaqla iqlim dəyişikliyinə uyğunlaşma həllərini tətbiq etmək niyyətindədir.
BMT vurğulayır ki, iqlim böhranının effektiv həlli hökumətlərin, beynəlxalq təşkilatların, biznesin və vətəndaş cəmiyyətinin birgə səylərini tələb edir.
BMT-nin baş katibi: Dünyamızın sağlamlığı təhlükə altındadır və aclıq problemi daha da dərinləşir
İnger Andersen: Dünyanın bütün ölkələri çoxsaylı iqlim çağırışları ilə üz-üzədir
Rəşad İsmayılov: Son 20 ildə Bakıda 100-dən çox park və yaşıllıq zonası salınıb