×
A
A
A
Sazlamalar

İnger Andersen: Dünyanın bütün ölkələri çoxsaylı iqlim çağırışları ilə üz-üzədir

Bakı, 5 iyun, AZƏRTAC

Azərbaycan da daxil olmaqla dünyanın bütün ölkələri çoxsaylı iqlim çağırışları ilə üz-üzədir. Dağ ekosistemlərinin deqradasiyasından tutmuş Xəzər dənizində suyun səviyyəsinin azalmasına qədər müxtəlif problemlər mövcuddur. Bu proseslər limanları, iqtisadi fəaliyyəti, balıqçılığı, infrastrukturu və sahilyanı icmaları təhlükə altına qoyur.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlxalq tədbirdə çıxışı zamanı deyib.
O, bu vəziyyətin ümidsizlik yaratmamalı olduğunu vurğulayıb: “Bizim yazdığımız hekayə bu deyil. Hekayə hələ tamamlanmayıb və qələm bizim əlimizdədir. Biz iqlim dəyişikliklərinin sürətini azaltmaqla, daha təhlükəsiz təbiət yaratmaqla, daha sağlam, firavan və ədalətli cəmiyyətlər qurmaqla öz hekayəmizi yaza bilərik. Bu bizim əlimizdədir. İqlim fəaliyyəti dünya xalqları və dövlətləri üçün böyük fürsətdir. Əgər biz qlobal birlik olaraq indi hərəkət etsək, 2050-ci ilə qədər milyonlarla insan ölümünün və xəstəliyin, eləcə də trilyonlarla dollar iqtisadi itkinin qarşısını ala bilərik. Biz yeni iş yerləri yarada, iqtisadi artımı sürətləndirə, imkanları genişləndirə, rifahı və sağlamlığı yaxşılaşdıra, investisiyaları və dayanıqlılığı artıra bilərik. Beləliklə, hamımız birlikdə inkişaf edə bilərik. Həll yolları nəzəri deyil. Bunlar, sadəcə, kağız üzərində yazılmış fikirlər deyil. Onlar realdır və biz bunu bu ölkənin hər bir şəhərində, eləcə də dünyanın müxtəlif yerlərində görürük. Bu həllər sürətlə genişlənir, çünki onlar həm iqtisadi, həm də sosial baxımdan məntiqlidir və çoxsaylı faydalar təqdim edir”.
Onun sözlərinə görə, təmiz enerji və nəqliyyat sürətlə inkişaf edir, ölkələr üçün daha böyük enerji təhlükəsizliyi və enerji müstəqilliyi vəd edir: “Bərpaolunan enerji mənbələri artıq 2025-ci ildə elektrik enerjisinin istehsalında kömürü geridə qoyaraq ən böyük mənbəyə çevrilib. Təmiz enerji inqilabını isə heç nə dayandıra bilməz. Bununla belə, emissiyaları minimuma endirmək və elektrik şəbəkələrinin həddindən artıq yüklənməsinin qarşısını almaq üçün elektrik enerjisindən daha ağıllı və çevik şəkildə istifadə etməliyik”.

Müxbirlər - Göyçək Mahmudlu, Günel Türksoy
Fotoqraf - Azər İbrahimov

Ekologiya 2026-06-05 12:36:00