×
A
A
A
Sazlamalar

Ekspert: Su səviyyəsinin 5 metr enməsi Xəzər suitilərinin çoxalma sahələrinin 57-81 faizinin itirilməsinə səbəb ola bilər

Bakı, 5 iyun, AZƏRTAC
Xəzər dənizi nisbətən kiçik səviyyə enmələrinə belə son dərəcə həssasdır. Xüsusilə də bu, ümumi sahənin təxminən üçdə birini, yəni 115 min kvadratkilometrini təşkil edən Şimali Xəzərə aiddir.
Hətta ən optimist ssenaridə, yəni su səviyyəsinin 5-8 metr azalması halında belə, mühüm yaşayış mühitlərinin və ekoloji baxımdan əhəmiyyətli ərazilərin çox böyük hissəsinin itirilməsi baş verə bilər.
AZƏRTAC xəbər verir ki, bunu Lids Universitetinin mühazirəçisi Simon Qudman Bakıda Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlxalq tədbir çərçivəsində keçirilən “Xəzər dənizi dönüş nöqtəsində: Dəniz səviyyəsinin azalması və regional fəaliyyət üzrə elmi analitik müzakirə” adlı panel müzakirədə çıxış edərkən deyib.
S.Qudman qeyd edib ki, Xəzərin əsas növləri hesab olunan Xəzər suitisi və nərəkimilər üçün də vəziyyət olduqca narahatedicidir: “Su səviyyəsinin 5 metr enməsi Xəzər suitilərinin mövcud çoxalma sahələrinin təxminən 57-81 faizinin itirilməsinə səbəb ola bilər. Eyni zamanda, nərəkimilərin yayılma arealında da ciddi azalma baş verəcək və onların çay sistemlərinə çıxışı əhəmiyyətli dərəcədə məhdudlaşacaq. Bu isə həmin növlərin yaşayışına və çoxalmasına ciddi təsir göstərəcək”.

Müxbirlər - Göyçək Mahmudlu, Günel Türksoy
Fotoqraf - Azər İbrahimov

Ekologiya 2026-06-05 18:28:00