×
A
A
A
Sazlamalar

Elnur Səfərov: Dənizin səviyyəsinin azalması prosesi bizi qabaqlayır

Bakı, 5 iyun, AZƏRTAC

Hazırda müşahidə etdiyimiz sürətlənmiş dəniz səviyyəsi azalması yerli ekosistemlərə ciddi mənfi təsir göstərir.
AZƏRTAC xəbər verir ki, bunu IDEA İctimai Birliyinin Xəzər dənizi üzrə tədqiqatlar eksperti Elnur Səfərov Ümumdünya Ətraf Mühit Günü çərçivəsində təşkil olunan "Xəzər dənizi dönüş nöqtəsində: Dəniz səviyyəsinin azalması və regional fəaliyyət üzrə elmi-analitik müzakirə"də çıxışı zamanı deyib
"Biz Neftçalanın sahilyanı ərazilərində işləyərkən bir il ərzində sürətlə suyun geri çəkilməsinə, nəticədə vaxtilə dənizdə qalan balıq torlarının yarısının suda qaldığına, yarısının isə quruya çıxdığına şahid olmuşuq. Sonradan çoxlu sayda heyvanlar, quşlar və ilanlar bu torlara ilişərək məhv olur. Balıqçılıq təsərrüfatlarının suya buraxdığı yüz minlərlə kiçik balıq, o cümlədən nərə balıqları da həmin torlara ilişərək ölür. Bu, həm iqtisadi baxımdan böyük itkilərə səbəb olur, həm də ərzaq təhlükəsizliyi problemi yaradır. Sabah artıq insanların qidalanması üçün kifayət qədər balıq ehtiyatının təmin edilməsi ilə bağlı ciddi problemlərlə üzləşə bilərik. Digər tərəfdən, Qızılağac Milli Parkı Xəzər dənizi ətrafında yaşayan quşların böyük hissəsi üçün bir növ beynəlxalq hava limanı rolunu oynayır. Dəniz səviyyəsinin enməsi bu ekosistemə də ciddi zərbə vurur. Bəli, ölkələr arasında əməkdaşlıq artır. Dövlətlər arasında ikitərəfli görüşlər keçirilir. Lakin dəniz səviyyəsinin azalması prosesi bizi qabaqlayır, odur ki, səylərimizi daha da sürətləndirməliyik. Alimlərlə, qeyri-hökumət təşkilatları ilə və yerli icmalarla daha sıx işləməyə ehtiyac var. Müşahidə stansiyalarından əldə olunan məlumatları, reanaliz məlumatlarını, peyk müşahidələrini və vətəndaş elmi məlumatlarını bir araya gətirərək yeni modellərə inteqrasiya etməliyik. Bu, məlumatların dəqiqliyini artırmağa imkan verəcək. Məlumatların yüksək dəqiqliyi isə bizə daha etibarlı proqnozlar vermək və dəyişən iqlim şəraitində Xəzər dənizinin gələcəkdə necə dəyişəcəyini daha yaxşı anlamaq imkanı yaradır”, - deyə Elnur Səfərov vurğulayıb.

Müxbir - Göyçək Mahmudlu, Günel Türksoy
Fotoqraf - Azər İbrahimov

Ekologiya 2026-06-05 18:50:00