×
A
A
A
Sazlamalar

Mütəxəssis: İnsanların rifahı və iqtisadi fəaliyyəti sağlam ekosistemlərdən asılıdır

Bakı, 5 iyun, AZƏRTAC
Son onilliklərdə ətraf mühitlə bağlı problemlər daha mürəkkəb xarakter alıb. İqlim dəyişikliyi ən çox müzakirə edilən mövzulardan olsa da, alimlər biomüxtəlifliyin azalmasını da bəşəriyyətin üzləşdiyi ən ciddi ekoloji böhranlardan biri hesab edirlər. Növlərin və yaşayış mühitlərinin itirilməsi ekosistemlərin dayanıqlığını zəiflədir, tozlandırma, suyun təmizlənməsi, torpağın məhsuldarlığı və zərərvericilərə qarşı təbii nəzarət kimi ekosistem xidmətlərini təhlükə altına qoyur. Əslində insanların rifahı və iqtisadi fəaliyyəti də sağlam ekosistemlərdən birbaşa asılıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında ornitoloq, müstəqil araşdırmaçı Zülfü Fərəcli deyib.
“Bu gün qeyd olunan Ümumdünya Ətraf Mühit Günü dünyanın ən böyük ekoloji maarifləndirmə platformalarından biridir. Bu günün əsası 1972-ci ildə keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İnsan Ətraf Mühiti üzrə Stokholm Konfransı zamanı qoyulub və sonradan təşkilatın Ətraf Mühit Proqramı tərəfindən hər il iyunun 5-də qeyd olunmağa başlanıb. Məqsəd ətraf mühit problemlərinə diqqəti artırmaq, hökumətləri, biznesləri, elmi ictimaiyyəti və vətəndaşları birgə fəaliyyətə təşviq etməkdir”, - deyə ornitoloq diqqətə çatdırıb.
Zülfü Fərəclinin sözlərinə görə, ekoloji problemlərə yalnız maarifləndirmə və ya təmizlik aksiyaları prizmasından baxmaq kifayət deyil: “Ətraf mühitin qorunması elmiəsaslı qərarlar, biomüxtəlifliyin monitorinqi, qorunan ərazilərin effektiv idarəolunması, təbii resurslardan davamlı istifadə və ekoloji məlumatların qərarvermə prosesinə inteqrasiyasını tələb edir. Xüsusilə biomüxtəliflik sahəsində aparılan tədqiqatlar hansı növlərin risk altında olduğunu, hansı ərazilərin xüsusi mühafizəyə ehtiyac duyduğunu və ekosistemlərin necə dəyişdiyini anlamağa imkan verir”.
Ornitoloq Ümumdünya Ətraf Mühit Gününün əhəmiyyətli tərəflərindən birinin elmi mövzuları cəmiyyət üçün daha əlçatan etmək olduğunu bildirib. “Bu gün təşkil olunan sərgilər və ictimai təşəbbüslər insanların ətraf mühit problemlərini gündəlik həyatları ilə əlaqələndirməsinə kömək edir. Məsələn, Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunan sərgidə nümayiş etdirilən “Card to Art” layihəsi buna yaxşı nümunədir. Layihə müddəti bitmiş plastik kartların yenidən istifadəsinə diqqət çəkərək tullantıların idarəolunması və dairəvi iqtisadiyyat prinsiplərini geniş auditoriyaya çatdırır. Düşünürəm ki, belə təşəbbüslər vacibdir, çünki onlar insanlarda maraq yaradır və ekoloji mövzulara diqqəti artırır. Lakin uzunmüddətli perspektivdə ətraf mühit problemlərinin həlli üçün maarifləndirmə ilə yanaşı, elmi tədqiqatlara, məlumatəsaslı idarəetməyə və biomüxtəlifliyin qorunmasına yönəlmiş sistemli yanaşmaların gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır”, - deyə Zülfü Fərəcli vurğulayıb.

Müəllif – Leyla Muradzadə

Ekologiya 2026-06-05 17:36:00