Qəzza zolağında atəşkəsə dair Qahirə danışıqları bərpa olunur
Bakı, 23 may, AZƏRTAC
Misirin vasitəçiliyi ilə İsrail və HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəsə dair danışıqlar yaxın bir neçə saat ərzində Qahirədə yenidən başlayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə EFE agentliyi Misirin təhlükəsizlik xidmətindəki mənbələrə istinadla məlumat yayıb. Onların sözlərinə görə, İsrail tərəfi Misir hakimiyyətinə “Qəzzada atəşkəs və girovların mübadiləsi üzrə danışıqları bərpa etmək xahişi ilə” müraciət edib.
“The Times of Israel” yazır ki, İsrailin mesajı Qahirənin vasitəçi kimi danışıqlar prosesindən çıxmasının mümkünlüyü ilə bağlı bəyanatları fonunda daxil olub. Bundan əvvəl Misirin dövlət informasiya xidmətinin rəhbəri Diya Raşvan xəbərdarlıq etmişdi ki, Qahirə, səyləri şübhə altına alınarsa, münaqişənin həllində iştirakdan imtina edə bilər.
Mayın 9-da Qahirədə Qəzza zolağında atəşin dayandırılması üzrə danışıqların növbəti mərhələsi başa çatıb. Misir mediasının məlumatına görə, tərəflər bir sıra mübahisəli məsələlərdə konsensusa gəlmədən Qahirəni tərk ediblər.
Fransanın dənizaşırı ərazilər naziri “nifrətə təhrik”də ittiham olunur
“TEKNOFEST ŞKTC 2025”də iştirak etmək üçün müraciət edənlərin sayı 47 minə çatıb
Yuliya Klökner Almaniya parlamentinin yeni sədri seçilib