×
A
A
A
Sazlamalar

Rostovdakı istintaq təcridxanasının iki əməkdaşını girov götürən məhkumlar məhv edilib

Moskva, 16 iyun, AZƏRTAC

Rostov vilayətindəki İstintaq Təcridxanasının iki əməkdaşını girov götürən məhkumlar məhv edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Federal Cəzaların İcrası Xidmətinin mətbuat bürosu məlumat yayıb.
Məlumata görə, xüsusi əməliyyat zamanı cinayətkarlar zərərsizləşdirilib, girov götürülmüş əməkdaşlar heç bir xəsarət almadan sərbəst buraxılıblar.

***

Rusiyanın Rostov vilayətindəki istintaq təcridxanasında müttəhimlər nəzarətçini və əməliyyat işçisini girov götürüblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Telegram kanalında Federal Cəzaların İcrası Xidməti məlumat yayıb.
“Rusiyanın Federal Cəzaların İcrası Xidmətinin Rostov vilayəti üzrə Baş İdarəsinin 1 saylı İstintaq Təcridxanasının kameralarından birində saxlanılan müttəhimlər təcridxananın iki əməkdaşını girov götürüblər”, - məlumatda deyilir.
Girovların azad edilməsi üçün danışıqlar aparılır. Girovları əsir götürən məhkumlar terror aktları üzrə ittiham olunurlar. “Çox güman ki, onlarda yanğından mühafizə guşəsindən əldə etdikləri baltalar və rezin dəyənəklər var. Odlu silahları isə yoxdur”, - mənbədən mediaya bildirilib.
Rostov İstintaq Təcridxanasında beş cinayətkarın şəxsiyyətləri müəyyənləşdirilib. Rusiya mediasının yazdığına görə, onlar M. Ş. Saypudinov, A.M. Tsitskiyev, D.V. Kamneyev, T.M. Gireyev, Ş. A. Akiyev, M. Qandoloyevdir.
Gireyev, Tsitskiyev və Akiyev 2023-cü ilin dekabrında İŞİD-də iştiraka və terror aktının hazırlanmasına görə məhkum ediliblər. Gireyev və Akiyev 18 il, Tsitskiyev isə 18 il yarım həbs cəzasına məhkum ediliblər.
İstintaq təcridxanasını ələ keçirən terrorçular İŞİD-in üzvü olduqlarını təsdiqlədikləri bir neçə videomüraciət hazırlayıblar. Onlara azadlıq və gizlənmək imkanı verilməsini tələb edirlər.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Dünya 2024-06-16 14:16:00