×
A
A
A
Sazlamalar

Naxçıvanda “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib

Naxçıvan, 10 may, AZƏRTAC
Mayın 10-da, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümündə Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi münasibətilə “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ulu Öndərin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə güllər düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən konfransda Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ümummilli Liderin dövlətçilik fəaliyyətindən danışarkən böyük ömrün 1990-1993-cü illəri əhatə edən Naxçıvan dövründən xüsusilə bəhs edib. Vurğulayıb ki, həmin illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərən dahi şəxsiyyət bütövlükdə müstəqil dövlətçiliyimizin əsaslarını işləyib hazırlayıb. Belə ki, 1990-cı ilin 17 noyabrında Ulu Öndərin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan MR Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” qərarlar qəbul edilib, bu qərarlarla muxtar respublikanın adından “sovet”, “sosialist” sözləri çıxarılıb, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilib. Həmin ilin 21 noyabrında isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Heydər Əliyevin işləyib hazırladığı “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar qəbul edib. Görkəmli dövlət xadimi 1991-ci ilin 30 avqustunda Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında “Azərbaycanın müstəqillik Bəyannaməsi” ilə bağlı çıxış edib. Həmin ilin 16 dekabrında Ali Məclisin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü haqqında tarixi qərarı imzalanıb, 1992-ci il avqustun 18-də isə Rusiyanın Naxçıvanda yerləşən 75-ci motoatıcı diviziyasının əmlakı tamamilə Milli Ordunun briqadasına təhvil verilib və şəxsi heyət muxtar respublikadan çıxarılıb. Ulu Öndərin Naxçıvan dövrü fəaliyyətinin ən mühüm hadisəsi isə 1992-ci il noyabrın 21-də ölkəmizin dünəninin, bu gününün və gələcəyinin partiyası olan Yeni Azərbaycan Partiyasının təsis konfransını keçirməsi olub.
Fuad Nəcəfli qeyd edib ki, Ümummilli Liderin hakimiyyətə qayıtdığı 1993-cü ilin 15 İyun günü Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi yazılıb. Bu dövrdən etibarən Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə yeni inkişaf strategiyasının təməlini qoyub. İqtisadiyyatın bütün sahələrində aparılan düzgün və səmərəli siyasət nəticəsində ölkədə ümumi daxili məhsul 1996-2002-ci illərdə 71 faiz artıb, “Əsrin müqaviləsi”nin praktiki cəhətdən reallaşması və bir çox sahələrə sərmayələrin yönəldilməsi sənayedə dirçəlişin təməlini qoyub. 1993-cü ildən başlayaraq kənd təsərrüfatı sahəsi yenidən dövlət tərəfindən həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilib. 1993-2002-ci illərdə istehsal və qeyri-istehsal sahələrinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən 70-dən çox yeni obyekt inşa edilib, bütün maliyyə mənbələri hesabına ölkə iqtisadiyyatının və sosial sahələrin inkişafına 8,2 milyard manat investisiya yönəldilib, 2002-ci ildə əsas kapitala yönəldilmiş investisiyanın həcmi 1993-cü ilə nisbətən 36,3 dəfə, dövlət büdcəsinin bütün mənbələrdən daxil olan gəlirləri 1993-cü ilə nisbətən 85,1 dəfə artıb, 74 mindən artıq yeni mənzil, 82 yeni ümumtəhsil məktəbi istifadəyə verilib.
“Bu gün Azərbaycan dünyada sürətlə və dinamik inkişaf edən dövlətlərdən biridir. Ölkənin iqtisadi qüdrətinin artması onun müstəqil siyasət yeritməsinə, əhalinin rifah halının ildən-ilə yüksəlməsinə imkan yaradır. İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Qələbə güclü dövlət - güclü ordu konsepsiyasının və xalq-lider birliyinin təntənəsidir”, – deyən səlahiyyətli nümayəndə diqqətə çatdırıb ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı böyük Qələbəyə və uğurlara çatdırmaqla ata vəsiyyətini layiqincə yerinə yetirib. Regionun gündəliyini bu gün Azərbaycan diktə edir. Dünya gücləri Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşırlar. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq, nəhəng transmilli nəqliyyat və enerji layihələri həyata keçirən Azərbaycanın bu təşəbbüsləri dünyanın aparıcı dövlətləri tərəfindən dəstəklənir, ölkəmizə iqtisadi-siyasi dividentlər qazandırır. Azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri heç kəsdən yardım alınmadan Azərbaycanın öz imkanları hesabına sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində uğurlu addımlar atılır.
Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov çıxışında Ulu Öndər Heydər Əliyevin atdığı qlobal ölçülü addımlar, ölkənin mövcudluğunun təminatı, onun dünya enerji balansında mövqeyinin formalaşması, mühüm tranzit layihələrdə yer alması, geopolitik pozisiyasının müəyyənləşməsindəki misilsiz xidmətlərindən bəhs edib. Bildirib ki, Ulu Öndərin siyasi kursu həm ölkəmizin, həm də muxtar respublikanın perspektivlərini müəyyən edir. Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyevin təşəbbüsü ilə formalaşmış Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu günlərdə “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda 6-cı yığıncağını keçirib. Şübhəsiz ki, Azərbaycan mədəni müxtəliflik baxımından bu gün dünyaya nümunədir və onun əsas təməlləri məhz Ulu Öndərin bütün dövrlərdəki siyasi rəhbərliyi zamanı müəyyən etdiyi siyasətin təməl mərkəzində dayanan məsələ olub. Ulu Öndərin siyasi kursunun bir başqa motivi bu günlərdə bizi başqa beynəlxalq platformalarda söz sahibinə çevirib. Əlbəttə ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bütün ölkələrin yekdil qərarı ilə ölkəmizdə keçirilməsindən söhbət gedir. Məhz həmin siyasətin növbəti nəticəsidir ki, Prezident Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanı da “yaşıl enerji zonası” elan edib. Bu da əsası Ulu Öndərin qoyduğu ekoloji təmiz strategiyanın növbəti addımıdır. Əlbəttə, əlverişli coğrafi mövqedə yerləşən Naxçıvanın münasib iqlim şəraiti burada bərpaolunan enerji istehsalı üçün yaxşı imkanlar yaradır. Bu da muxtar respublikanın region üçün strateji əhəmiyyətini getdikcə artırır. Bütün bunlar istilik elektrik stansiyalarında yandırılan böyük miqdarda yanacağa qənaətlə yanaşı, ətraf mühitə atılan zərərli tullantıların miqdarını da xeyli azaldacaq. Artıq bu istiqamətdə də proqram müəyyənləşdirilib, bir sıra anlaşma sənədləri formalaşıb.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev yeni faktlar, yeni reallıqlar təşkil edən “Heydər Əliyev və Naxçıvan” mövzusunu Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərinin çoxtərəfli öyrənilməsi baxımından yüksək qiymətləndirib. Bildirib ki, məhz Ulu Öndərin həyat fəaliyyətinin Naxçıvan dövrü bütövlükdə müstəqil Azərbaycanın taleyüklü dövrünü əhatə edir. Dahi rəhbərin həmin illərdə qəbul etdiyi tarixi qərarlar Azərbaycanın gələcək inkişafına, mədəni-tarixi dəyərlərimizin yaşadılmasına, daha da möhkəmləndirilməsinə hesablanmış mühüm addımlar idi.
Konfransda Naxçıvan televiziyasının hazırladığı “Heydər Əliyev və Naxçıvan” filmi təqdim olunub.

Regionlar 2024-05-10 19:06:00