×
A
A
A
Sazlamalar

Naxçıvanda bodibildinq üzrə muxtar respublika birinciliyi keçirilib

Naxçıvan, 20 may, AZƏRTAC

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində bodibildinq üzrə muxtar respublika birinciliyi reallaşıb. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, “Turan” Fitnes Klubunun birgə təşkilatçılığı, “RTN Groups”un sponsorluğu ilə keçirilən yarış Şərur rayonunun Günnüt kəndində şəhid olan Vətən övladlarının xatirəsinə həsr edilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himnimiz səsləndirilib. Sonra idmançıların mübarizəsinə start verilib.
Birinciliyin reqlamentinə əsasən idmançıların “Mens fizik” versiyasında 170, 175, 180+ sm boy, klassik versiyasında 75 kq çəki kateqoriyaları üzrə çıxışları izlənilib.
Mükafatçılar fitnes məşqçisi, bodibildinq üzrə dünya və Avropa çempionu Vüqar Verdiyev, Türkiyə milli komandasının üzvləri Volkan Zülaloğlu və Hüseyn Tabaru və Əməkdar məşqçi Şəfi Hüseynovdan ibarət münsiflər heyətinin ümumi qərarına əsasən müəyyənləşib. Qiymətləndirməyə əsasən Kənan Əlirzayev (170 sm), Elnur Tağızadə (175 sm), Əli Bahartaş (180+ sm) və Vəli Əliyev (75 kq) öz kateqoriyalarında qalib adına layiq görülüblər. Əli Bahartaş eyni zamanda yarışın mütləq qalibi seçilib. İlk üç yerin sahibləri diplom, medal və kubokla, digərləri fəxri fərmanla təltif ediliblər.
Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifələrinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov, Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Asip Kaya, İranın Naxçıvan Muxtar Respublikasındakı konsulu Ruhulla Piribalayi və digərləri təqdim ediblər.
Münsiflər heyəti üzvlərinə təşəkkürnamələr verilib.

 

Regionlar 2024-05-20 19:20:00