ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin üzvləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
Quba, 20 may, Elxan Yusifli, AZƏRTAC
ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin üzvlərindən ibarət nümayəndə heyəti Qubaya səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Nyu-York Buxara Yəhudiləri İcma Mərkəzinin prezidenti, “Leon Diamonds” şirkətinin prezidenti Leon Nektalov, ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin koordinatoru, “The Bukharian Times” qəzetinin baş redaktoru Rafael Nektal, “The Medical Support Supply” şirkətinin prezidenti, Özbəkistanın Səmərqənd vilayətinin başçısının investisiyalar üzrə müşaviri Ben Benjamini, “The Bukharian Times” qəzetinin ingilis bölməsinin redaktoru Erin Levi və prodüser, fotojurnalist, kinorejissor Ariel Roubinoffla əvvəlcə Quba Rayon İcra Hakimiyyətində görüş keçirilib.
Qonaqlar Qubada dağ yəhudilərinin yığcam şəkildə yaşadıqları Qırmızı qəsəbədə yerli icma nümayəndələri ilə görüşüb, burada sinaqoqlar və Dağ Yəhudilərinin Muzeyi ilə yaxından tanış olublar.
Bildirilib ki, Qırmızı qəsəbə dünyada İsraildən sonra yəhudilərin ən yığcam yaşadıqları nadir məkandır. “Qafqazın Yerusəlimi” adlandırılan qəsəbədə məskunlaşan yəhudilər uzun illərdir öz adət-ənənələrini yaşadırlar. Burada yəhudilərin dini icması və milli mədəniyyət mərkəzi fəaliyyət göstərir.
Sonra nümayəndə heyətinin üzvləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
Qonaqların diqqətinə çatdırılıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Qəbələdə kamera musiqisi həvəskarlarına növbəti konsert proqramı təqdim olunub
“Azərbaycan Atabəyləri” filmi Laçında nümayiş olunub
Astarada qəza baş verib, motosiklet sürücüsü ölüb
Naxçıvanın muxtariyyəti - tarixi zərurət, tarixi nailiyyət
“Qış nağılı” Beynəlxalq Musiqi Festivalında möhtəşəm kamera musiqisi axşamı keçirilib