×
A
A
A
Sazlamalar

Naxçıvanın şəhərdaxili magistral kanalizasiya xətləri təmizlənib

Naxçıvan, 20 may, AZƏRTAC

Naxçıvan Sukanalizasiya İdarəsi tərəfindən mütəmadi olaraq şəhərdaxili magistral kanalizasiya xətlərinin təmizlənməsi istiqamətində planlı tədbirlər həyata keçirilir.
İdarədən AZƏRTAC-a bildirilib ki, xüsusi texnikanın köməyilə Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində yerləşən 500 mm-lik magistral kanalizasiya xəttində təmizləmə işləri həyata keçirilib və kollektorlar yüksəktəzyiqli su vurularaq yuyulub. Təmizlənmə zamanı quyulara naməlum şəxslər tərəfindən atılan iri daş parçaları aşkar edilərək götürülüb. Kollektorların təmizlənməsi mövcud infrastrukturun tam gücü ilə işləməsinə gətirib çıxarır ki, bu da öz növbəsində xətlərdəki tutulmaların qarşısının alınmasına köməklik göstərir.
Vətəndaşlar tərəfindən “ASAN xidmət” vasitəsilə daxil olmuş ərizələrin icrası ilə əlaqədar Naxçıvan Sukanalizasiya İdarəsi tərəfindən bu gün Naxçıvan şəhərinin Əliabad qəsəbəsi və Qaraxanbəyli kəndində yerləşən müxtəlif ünvanlara yeni su və kanalizasiya xətləri də çəkilib.

 

Regionlar 2024-05-20 19:02:00