×
A
A
A
Sazlamalar

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü Sumqayıtda silsilə tədbirlərlə qeyd edilib

Sumqayıt, 10 may, Ətrabə Rzayeva, AZƏRTAC

Mayın 10-da səhər saatlarından minlərlə sakin Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümü ilə əlaqədar Sumqayıt şəhərinin mərkəzində Ulu Öndərin abidəsini ziyarət edərək böyük dövlət xadiminin xatirəsinə ehtiramlarını bildirib.
Sonra iştirakçılar şəhərdəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olub, videoçarxa baxıblar.
Tədbirdə vurğulanıb ki, şəhərin sosial-iqtisadi inkişafında, əhalinin yaşayışının, güzəranının yaxşılaşmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Ulu Öndər ölkəmizə rəhbərliyi dövründə Sumqayıta 16 dəfə səfər edib və hər səfəri şəhərin tarixində mühüm hadisələrlə yadda qalıb. Sumqayıtın inkişafı və şəhər kimi formalaşması Heydər Əliyevin adı ilə bağlıdır. Sumqayıt Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə sürətli inkişaf yolu keçərək ölkəmizin aparıcı sənaye mərkəzindən birinə çevrilib.
Qeyd olunub ki, eyni yanaşma, eyni siyasət bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində şəhərin sürətli inkişafı təmin olunub, Sumqayıt sənaye mərkəzi kimi vaxtilə qazandığı şöhrətini bərpa edib. Yaratdığı inkişaf nümunələri ilə Sumqayıt bu gün Heydər Əliyevin arzuladığı səviyyəyə yüksəlib. Ulu Öndərin ideyaları və Prezident İlham Əliyevin inkişaf strategiyası şəhərin tərəqqisinin təməlində dayanan əsas prinsiplərdir.
Sonra tədbir iştirakçıları Heydər Əliyev parkında ağac əkiblər.
Muğam Mərkəzində tanınmış incəsənət ustalarının iştirakı ilə Ümummilli Liderin xatirəsinə həsr olunan bədii proqram təqdim edilib.

Regionlar 2024-05-10 17:26:00