×
A
A
A
Sazlamalar

Füzulidə “Dahi Şəxsiyyət” adlı sənədli film nümayiş olunub

Füzuli, 10 may, Aydın Yavərzadə, AZƏRTAC

Füzuli rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş “Ulu Öndər Heydər Əliyev və Azərbaycan” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, bir qrup şəhid ailəsi və ziyalılarla birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, Ümummilli Liderin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.
Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib.
Tədbirdən əvvəl Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən “Dahi Şəxsiyyət” sənədli filmi nümayiş olunub.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi, ölkənin hərtərəfli inkişafı üçün atdığı mühüm addımlar, bütün fəaliyyəti dövründə azərbaycançılıq ideologiyasına xidməti barədə geniş məlumat verib. Ulu Öndərin Füzuli rayonuna səfərləri haqqında ətraflı söhbət açılıb və müasir Azərbaycanın bütün sahələrdə inkişafının, eləcə də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı böyük Zəfərin təməlində məhz Ulu Öndər Heydər Əliyev siyasətinin dayandığı bir daha vurğulanıb.
YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva Ulu Öndər Heydər Əliyevin bütün ömrünü ölkəsinə, Azərbaycan xalqına sərf etdiyini, onun siyasi xəttinin respublikamızı işıqlı gələcəyə apardığını bir daha diqqətə çatdırıb.
Tədbir bədii hissə ilə davam edib. Qarabağ Regional Mədəniyyət İdarəsinin Füzuli rayon mədəniyyət müəssisələrinin hazırladığı konsert proqramı iştirakçılara təqdim olunub.

Regionlar 2024-05-10 17:09:00