×
A
A
A
Sazlamalar

Elnur Məmmədli: Avropa çempionatındakı tarixi uğur hələ başlanğıcdır

Bakı, 8 may, AZƏRTAC

“Xorvatiyada keçirilən Avropa çempionatında iki qızıl və bir gümüş medal qazanaraq rekord nəticə əldə etdik. Düşünürəm ki, uğurlarımız daha çox ola bilərdi”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli deyib.
O bildirib ki, bu nailiyyətlər ACF-nin yeritdiyi düzgün idman siyasətinin nəticəsidir: “Məşqçilər korpusu, həkimlər işlərini layiqincə görürlər. Əldə etdiyimiz bütün uğurlar düzgün yolda olduğumuzu göstərir. Təəssüf ki, bəzi idmançılarımız bizi məyus etdi. Lakin onların özlərini yaxşı tərəfdən göstərmək üçün şansları var. Mayın 19-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə baş tutacaq dünya çempionatında qüvvələrini sınayacaqlar. Bu, hələ başlanğıcdır. Hər yarışda rekordlara imza atmaq üçün var gücümüzlə çalışacağıq”.
Mütəxəssis qadın cüdoçuların Tacikistanın paytaxtı Düşənbədə təşkil edilmiş “Böyük Dəbilqə” turnirində uğursuz çıxış etməsinə də münasibət bildirib: “İdmanda belə halların baş verməsi normaldır. Qalib gəlmək də olar, uduzmaq da. Bundan qorxmaq lazım deyil. Təbii ki, bizim əsas məqsədimiz turnirin səviyyəsindən asılı olmayaraq qalib gəlməkdir. Paris Olimpiadası üçün həm qızlarımız, həm də oğlanlarımız ağır məşqlər keçirlər. Bu, onların zəif güləşmələrinə və müəyyən səhvlərə yol vermələrinə səbəb olur. Hazırda əsas hədəfimiz təbii ki, Olimpiadadır. Orada bütün gücümüzü göstərəcəyik”.

İdman 2024-05-08 16:00:00