×
A
A
A
Sazlamalar

Laçında daha 23 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Laçın, 30 aprel, Aydın Yavərzadə, AZƏRTAC
Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə və Zabux kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün daha 23 ailənin (69 nəfər) Laçın həsrəti bitib.
Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara ANAMA əməkdaşları tərəfindən mina və partlamamış silah sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə olunub.
Açarların təqdim edilməsi mərasimində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, “Laçın Abadlıq Xidməti” ASC-nin əməkdaşları və digər şəxslər iştirak ediblər.
Ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskunlaşıblar. Onlardan 21 ailə olmaqla, 65 nəfər Laçın şəhərində, 2 ailə olmaqla, 4 nəfər Zabux kəndində məskunlaşıblar.
Bununla da Laçın şəhərində 493 ailənin, yəni 1838 nəfərin, Zabux kəndində isə 217 ailə olmaqla, 823 nəfərin daimi məskunlaşması təmin edilib.

15:33

“Böyük Qayıdış” proqramı üzrə Laçına növbəti köç prosesi gerçəkləşib. Səhər saatlarında respublikanın müxtəlif rayonlarından yola salınan ailələr doğma yurdlarına çatıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın rayonu bu dəfə 23 ailəyə qucaq açıb, daha 69 nəfərin yurd həsrəti bitib. Bakı şəhərindən 12 ailə (37 nəfər), Ağcabədidən 2 ailə (7 nəfər), Beyləqandan 2 ailə (6 nəfər), Kürdəmirdən 2 ailə (5 nəfər), Abşerondan 2 ailə (3 nəfər), Sumqayıtdan 1 ailə (7 nəfər) Laçın şəhərinə, Bakıdan 1 ailə (1 nəfər), Bərdədən 1 ailə (3 nəfər) isə Zabux kəndinə köçənlərdir.
Laçına qədəm qoyan ailələr sevinc göz yaşları ilə doğma yurdlarına qovuşublar. Onlar böyük coşqu ilə qarşılanıb, Laçının gözəl mənzərəsini seyr ediblər.
Bununla da Laçın şəhərində 493 ailənin, yəni 1838 nəfərin, Zabux kəndində isə 217 ailə olmaqla, 823 nəfərin daimi məskunlaşması təmin edilib.
Köçürülən ailələrin Laçın şəhərində və Zabux kəndində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

Regionlar 2024-04-30 16:33:00

Video