×
A
A
A
Sazlamalar

Aqrar Sığorta Fondu 2024-cü ilin ilk rübü üzrə nəticələrini açıqlayıb

Bakı, 30 aprel, AZƏRTAC

Aqrar Sığorta Fondu 2024-cü ilin 1-ci rübü üzrə nəticələrini açıqlayıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, cari ilin yanvar-mart ayları ərzində Aqrar Sığorta Fondu tərəfindən 323 min hektar əkin sahəsi və 882 baş kənd təsərrüfatı heyvanları sığortalanıb. Ötən ilin eyni dövrü ilə müqayisədə sığortalanan əkin sahələri 22 min hektar və ya təqribən 7 faiz artıb.
Hesabat dövründə bitkiçilik sığortası üzrə 6 milyon 815 min manat, heyvandarlıq təsərrüfatlarının sığortası üzrə 537 min manat olmaqla, ümumilikdə 7 milyon 352 min manat sığorta haqqı toplanıb. Bu dövrdə ən çox sığortalanan kənd təsərrüfatı bitkiləri payızlıq buğda və payızlıq arpa sahələri, eləcə də fındıq bağları olub. Sığortalanan təsərrüfatlar üzrə verilmiş sığorta təminatının həcmi 255 milyon manatdan artıq olub.
2024-cü ilin yanvar-mart aylarında Aqrar Sığorta Fondu tərəfindən sığortalı fermerlərə təsərrüfatlara dəymiş zərərlər üzrə 1 milyon 752 min manat sığorta ödənişi edilib.
Sığorta ödənişlərinin 1 milyon 434 min manatı bitkiçilik, 318 min manatı heyvandarlıq üzrə olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta ödənişlərinin məbləği 2,2 dəfə artıb. Bitkiçilik üzrə sığorta ödənişləri 2,5 dəfə, heyvandarlıq üzrə ödənişlər isə 42 faiz yüksəlib.
Xatırladaq ki, 2023-cü ili yanvar-mart aylarında Aqrar Sığorta Fondu tərəfindən sığortalı fermerlərə, ümumilikdə, 799 min manat sığorta ödənişi edilmişdi. 2024-cü ilin 1-ci rübündə ən çox sığorta ödənişləri fırtına, dolu və subasma hadisələri üzrə həyata keçirilib. Regionlar üzrə ən çox sığorta ödənişləri Füzuli, Şəki və Ağdam rayonlarındakı təsərrüfatlarda olub.

 

Regionlar 2024-04-30 14:58:00