×
A
A
A
Sazlamalar

Qubada yaşayan dağ yəhudiləri Pesax bayramını qeyd edirlər

Quba, 30 aprel, Elxan Yusifli, AZƏRTAC

Quba rayonunda yaşayan dağ yəhudiləri Pesax bayramını qeyd edirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, builki Pesax bayramı Qırmızı qəsəbədə aprelin 22-dən başlayaraq qeyd olunur və 8 gün davam edir. Bayram günlərində müxtəlif dini ayinlər icra olunur, dağ yəhudiləri səhər və axşam saatlarında sinaqoqda ibadət edirlər.
Tarixi mənbələrə görə, hələ 3500 il əvvəl Misir fironunun zülmündən xilas olan yəhudilər 8 gün Tanrıya dua ediblər. Sonralar yəhudilər baharın gəlişi ilə eyni vaxtda azadlığın əldə olunmasını milli bayram kimi qeyd etməyə başlayıblar.
Pesax bayramının simvolu duzsuz, qurudulmuş çörəkdir. Ənənəyə görə, yəhudilər bayram günlərində yeganə un məmulatı kimi məhz duzsuz quru çörəkdən – “Matsa”dan istifadə edirlər. Bununla yanaşı, dağ yəhudilərinin bayram süfrəsini qoz, şabalıd və almadan hazırlanan həsürüt yeməyi də bəzəyir.
Bayram günlərində hamı bir-birini qonaq çağırır. Pesaxın zəruri şərtlərindən biri də budur ki, bütün imkansızlar, habelə bayramı öz ailəsi ilə birgə qeyd edə bilməyənlər yemək süfrəsinə dəvət olunmalıdır. Bayrama qədər bütün evlərdə, küçələrdə təmizlik işləri görülür.
Qubadakı Qırmızı qəsəbədə 3 mindən çox dağ yəhudisi yaşayır. Burada doğulan, hazırda isə xarici ölkələrdə yaşayan dağ yəhudilərinin də müqəddəs Pesax bayramını Vətəndə qeyd etmələri ənənəyə çevrilib.

Regionlar 2024-04-30 10:39:00