×
A
A
A
Sazlamalar

Müəllim və şagirdlər fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılıb

Bakı, 18 aprel, AZƏRTAC
Aprelin 18-də Bakı Avropa Liseyində fövqəladə hallarla bağlı davranış qaydaları barədə müəllim və şagirdlərin maariflənməsi məqsədilə təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov tədbirin məqsədi barədə danışıb.
Bildirilib ki, FHN-in Bakı Regional Mərkəzi, Dövlət Yanğın Nəzarəti, Dövlət Yanğından Mühafizə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin, habelə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının heyətinin iştirak etdiyi təlimin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə şagirdlərə müvafiq məlumat verməkdir.
Sonra liseyin direktoru Zülfiyyə Veysova təhsil müəssisələrində fövqəladə hadisələrlə bağlı aparılan maarifləndirmə tədbirlərinin vacibliyini vurğulayıb.
Təlimin nəzəri hissəsində FHN əməkdaşları fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat veriblər. Həmçinin FHN-in 112 - qaynar telefon xəttinin təyinatı izah olunub. İştirakçılara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə göstərilib və maarifləndirici videoçarxlar nümayiş olunub.
Təlimin praktik hissəsində şərti zəlzələ həyəcanı elan edilib. Zəlzələ zamanı düzgün mövqe seçimi və davranışlar müəllimlərin iştirakı ilə göstərilib. Şagirdlərin təxliyəsi və “ilkin tibbi yardımın göstərilməsi” əməliyyatları həyata keçirilib.

Cəmiyyət 2024-04-18 13:55:00