×
A
A
A
Sazlamalar

Mehmandarovun dəvəti ilə Lənkərana gəlib məktəb açan elm fədaisi - Mirzə İsmayıl Qasir VİDEO

Lənkəran, 17 aprel, İsmayıl Cəfərli, AZƏRTAC

Lənkəranda ilk dəfə "Üsuli cədid" adlı məktəb, "Fövcül füsəha" ədəbi məclisi yaradan elm fədaisi, şair Mirzə İsmayıl Qasir haqqında nələr bilirik? AZƏRTAC-ın müxbiri Mirzə İsmayılın heç də rəvan keçməyən həyat yoluna nəzər salıb.
Mirzə İsmayıl Qasir 1805-ci ildə indiki Ağdaş rayonunun Ləki kəndində dünyaya gəlib. Qasirin əsli Cənubi Azərbaycandandır. Mirzə uşaqlıq illərində Ləkidə yaşayıb və ilk təhsilini bu kənddə alıb. Yeddi yaşı olanda atası dünyasını dəyişib, anası ikinci dəfə ailə qurduqdan sonra onlar Şamaxıya köçüb və orada yaşayıblar.
Filologiya elmləri doktoru, professor Yədulla Ağazadə bildirir ki, Qasir yeniyetmə yaşlarında, Təbrizdə təhsil aldığı illərdə artıq fars dilində şeirlər yazmağa başlayıb. Təhsilini başa vurduqdan sonra isə Vətənə qayıdıb və Cəlilabad-Biləsuvar zonasında sərhəd-gömrük məntəqəsi üzrə tərcüməçi vəzifəsində çalışıb. 1840-cı ildən 1850-ci ilə qədər sözügedən vəzifədə işləyib.

Bəzi mənbələrə görə, Mirzə İsmayıl Qasir sərhəd məntəqələrinin birində İran şahının vəziri ilə görüşüb. Qasir vəzirin şahmat oyununu çox sevdiyini bildiyi üçün onun çadırına gedərkən özü ilə şahmat taxtası aparır. Şahmat oynamamışdan öncə vəzirlə şərt kəsir ki, oyunu udsa, vəzir ona at bağışlayacaq. Çünki o, Biləsuvardan Lənkərana dayısına baş çəkmək üçün dağ yolu ilə piyada gedərdi. Beləcə, Qasirə uduzan vəzir ona at bağışlayır və o, bundan sonra Lənkəranda yaşayan dayısına baş çəkmək üçün atla gedib-gəlir.
XIX əsrin ortalarında Lənkəranda yaşayan tanınmış şəxslərdən biri də Sadıq bəy Mehmandarov (general Səməd bəy Mehmandarovun atası) olub. Mehmandarov Lənkəranda dövrünün tanınmış hüquqşünaslarından idi. Mirzə Qasirlə Sadıq bəy Mehmandarov gömrük məntəqəsində tanış olublar. Qasir Mehmandarovla görüşlərində məktəb yaratmaq istədiyini deyir və o da şairi Lənkəranda işləməyə dəvət edir. Mirzə İsmayıl Qasir Lənkərana gəldikdən sonra Sadıq bəy Mehmandarov öz mülkünü ona ayırır. Mirzə bu mülkdə Lənkəranda ilk dəfə “Üsuli cədid” adlı məktəb yaradır. Bu məktəbdə ana dili ilə bərabər rus və fars dilləri, ədəbiyyat tədris edilir, təbiət və digər elmlərdən ibtidai məlumat verilirdi.
Mirzə İsmayıl Qasir haqqında çoxlu məqalələr, elmi əsərlər, monoqrafiyalar, dissertasiyalar yazılıb. Yədulla Ağazadə ədibin həyat və yaradıcılığı haqqında danışarkən bildirir ki, Qasirin həyatında bir çox çətinliklər olub. Belə ki, o, Lənkəranda məktəb açsa da, bu, heç də asan başa gəlməyib: “O dövrdə Qasirin Lənkəranda məktəb açmasına xüsusən mollalar etiraz edirlər, onun fəaliyyətini pisləyirlər. Hətta məktəbdə tənəffüs vaxtı zəngin vurulmasına belə etiraz edirlər. Çünki o dövrün qaydalarına görə məktəblərdə tənəffüs mollaların duaları ilə elan olunardı. İlk dəfə olaraq Mirzə İsmayıl Qasirin məktəbində zəng səsi eşidilir. Qasirə tənələr yağdırılır. Təzyiqlərdən tənə gələn Mirzə İsmayıl bir müddət sonra Lənkərandan çıxıb Bakıya gedir və orada yaşayır. Amma Bakı mühiti onu özünə cəlb etmir. Yenidən Lənkərana qayıdır. Böyük qızı Humranın və nəvələrinin dediyinə görə, ömrünün sonuna qədər də Lənkəranda məktəbdə işləyib”.

Yədulla Ağazadənin sözlərinə görə, Mirzə Qasir müəllimlik etməklə yanaşı, dərs dediyi tələbələrinin, Lənkəran ziyalılarının iştirakı ilə ədəbi-şeir məclisləri də keçirərmiş: “Həmin dövrdə Lənkəranda onun tərəfindən yaradılan “Fövcül-füsəha” adlı ədəbi məclis digər bölgələrdə yaradılan ədəbi məclislərdən fərqlənirdi. “Fövcül-füsəha” ədəbi məclisinin adının mənası “Fövc” gözəl, “Füsəha” dəstə, yəni gözəl və aydın danışanlar dəstəsi deməkdir”.
Qasirin qəzəl, qəsidə, rübai janrlarında, həmçinin Molla Pənah Vaqif yaradıcılığının təsiri ilə çoxsaylı qoşmaları, gəraylıları var. Seyid Əzim Şirvani ona yazdığı çoxsaylı şeir-məktublarında Qasiri zamanın ən qüdrətli şairlərindən biri kimi səciyyələndirib.
1930-cu illərdə molla, bəy və ya xan titullarını daşıyan insanlar repressiyaya məruz qalıblar. Eləcə də uzun illər hətta Qasirin adını çəkmək belə qadağan edilib. Professor Yədulla Ağazadə deyir ki, buna görə Qasirin külliyyatı da uzun zaman öyrənilməmiş qalıb. Yalnız Stalinin ölümündən sonra şairin yaradıcılığı geniş şəkildə öyrənilməyə başlanılıb.
Qeyd edək ki, Mirzə İsmayıl Qasirin Lənkəranın Sütəmurdov kənd qəbiristanlığındakı məzarı ötən əsrin 70-ci illərində bərpa olunub və qəbrinin üstünə büstü qoyulub.

Regionlar 2024-04-17 14:13:00

Video