×
A
A
A
Sazlamalar

Sumqayıtda avtomobili narkotik vasitələrin təsiri altında idarə edən sürücülər saxlanılıb

Sumqayıt, 30 aprel, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər davam etdirilir. Növbəti tədbir zamanı avtomobili narkotiklərin təsiri altında idarə edən 2 sürücü – Yusif Cəbrayılov və Həsən Hüseynov saxlanılıb.
Şəhər Polis İdarəsindən AZƏRTAC–a bildirilib ki, tibbi müayinə zamanı onların marixuana və metamfetamin qəbul edərək sükan arxasında əyləşdikləri müəyyən olunub. Hər iki sürücü barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Kobud qayda pozuntularına yol verən sürücülərə qarşı profilaktik tədbir zamanı avtomobili spirtli içki qəbul edərək idarə edən 3 sürücü müəyyən olunaraq saxlanılıb. Həmin sürücülər barəsində qanunla nəzərdə tutulan qaydada inzibati protokol tərtib olunub.
Tədbir zamanı avtomobilin konstruksiyasında dəyişikliyə yol verən, nəqliyyat vasitəsini dövlət qeydiyyat nişanı olmadan idarə edən və digər kobud qayda pozuntularına yol verən sürücülər də saxlanılıblar.
Qeyd edək ki, bu ilin əvvəlindən Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən avtomobili sərxoş vəziyyətdə idarə edən 67, nəqliyyat vasitəsini narkotik maddələrin təsiri altında idarə edən 27 sürücü aşkar olunub.

 

Regionlar 2024-04-30 16:55:00