“Ağalı” hoteli bölgədə turizmin inkişafına təkan verəcək
Zəngilan, 21 may, Aydın Yavərzadə, AZƏRTAC
İşğaldan azad olunmuş ərazilərimiz tarixi-mədəni dəyərləri ilə yanaşı, füsunkar təbiətə, yeraltı və yerüstü sərvətlərə, geniş turizm imkanlarına malikdir. Bölgədə müalicəvi turizm, istirahət turizmi, ekoturizm və turizmin digər növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar var. Bu ərazilərin turizm potensialının səmərəli istifadəsi, regionun rəqabət qabiliyyətli turizm məkanına çevrilməsi üçün geniş tədbirlər görülür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mayın 18-də Prezident İlham Əliyevin iştirakı ilə Zəngilanda açılan "Ağalı" hoteli də turizmin inkişafına təkan verəcək məkanlardan biri olacaq. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri İlhamiyə Rzayeva bildirib ki, “Ağalı” hoteli Zəngilan şəhər mərkəzindən 20 kilometr məsafədə, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində yerləşir. Hotelin binası üç mərtəbədən ibarətdir. Birinci mərtəbədə qonaqları foye və rahat gözləmə zonası qarşılayır. Foyenin sağ və sol hissələrində restoranlar fəaliyyət göstərəcək. Birinci mərtəbənin sağ tərəfində 60 nəfərlik tədbir otağı, həmçinin işgüzar görüşlər üçün 20 nəfərlik iclas zalı mövcuddur. Sol tərəfində isə xüsusi qonaqların qarşılanması üçün tədbir zalı və 76 nəfərlik restoran var.
Hotelin ikinci və üçüncü mərtəbələri eyni tipli otaqlardan ibarətdir. Hər mərtəbədə 39 otaq var. Həmçinin hotelin hər mərtəbəsində fiziki məhdudiyyətli qonaqlar üçün xüsusi dizayn edilmiş otaqlar da mövcuddur. “Ağalı” hotelinin zirzəmi hissəsində qonaqların sağlamlıq və istirahətini təmin etmək məqsədilə fitnes mərkəzi də yaradılıb.
Tərtərdə ağacəkmə aksiyası keçirilib
Naxçıvanda dövlət orqanlarını təmsil edən məsul əməkdaşlar üçün təlimlərə start verilib
Ali Məclisin yaz sessiyasının növbəti iclası keçirilib
Naxçıvan məktəbliləri “Məktəblilərarası Milli Hakaton” müsabiqəsinə qatılıblar VİDEO