Naxçıvanda əmək yarmarkasına 280-dən çox vakansiya çıxarılıb
Naxçıvan, 21 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Naxçıvan şəhəri və Babək rayonu üzrə 40-dan çox işəgötürənin iştirakı ilə əmək yarmarkası keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Pənah Mehdiyev çıxışında çoxsaylı iş yeri təklifinin əhalinin məşğulluq problemlərinin həllində əhəmiyyətli rol oynadığını vurğulayıb. Qeyd edib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Naxçıvanda minlərlə iş yerinin yaradılması hədəflənib. İşəgötürənlər və işaxtaran şəxslər tədbirdə aktiv iştiraka dəvət edilib.
Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə bildirib ki, muxtar respublikada əmək bazarının təkmilləşdirilməsi, iqtisadi fəallığın yüksəldilməsi üçün müvafiq tədbirlər həyata keçirilir, insan amilinə qayğı prioritet vəzifəyə çevrilib. Bu, əhalinin bütün təbəqələrinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdə özünü bir daha göstərir.
Qeyd olunub ki, bazar iqtisadiyyatı şəraitində effektiv sosial siyasətin, o cümlədən sosial ədalət prinsipinin həyata keçirilməsi, əmək qabiliyyətli hər bir insana layiqli iş şəraitinin yaradılması, əhalinin yüksək sosial müdafiəsi, məşğulluq probleminin uğurlu həlli daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə dövlət tərəfindən atılan addımlardan biri də əmək yarmarkalarının təşkilidir.
Qeyd edək ki, yarmarkada işsiz və işaxtaran şəxslərə 41 işəgötürən tərəfindən 280-dən çox vakansiya təqdim olunub. Vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən CV-lər qəbul edilərək nəzərdən keçirilib. Onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanıb.
Yarmarkada, həmçinin işsiz və işaxtaran şəxslərə agentliyin aktiv məşğulluq tədbirləri barədə də məlumat verilib, müraciət edən şəxslərlə ilkin sorğular aparılıb.
Dmitri Sitkovetski: Azərbaycanda özümü evimdəki kimi hiss edirəm
Yeniyetmə voleybolçuların Azərbaycan birinciliyi keçirilir
Bu gündən Mingəçevir-Şuşa və əks istiqamətdə avtobus reysi fəaliyyətə başlayıb
Fərhad Bədəlbəyli: Bu soyuq qış günlərində musiqisevərlərə isti, xoş ovqat bəxş edəcəyik