×
A
A
A
Sazlamalar

ETSN rəsmisi: Şam ağaclarının qurumasının əsas səbəbi zərərvericilərdir

Yevlax, 30 aprel, AZƏRTAC

Son illər respublika ərazisində, xüsusən də Aran bölgəsində şam ağaclarında kütləvi quruma halları müşahidə olunur. Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Aqrar Xidmətlər və Qida Təhlükəsizliyi Agentliklərinin mütəxəssisləri tərəfindən birgə monitorinqlər aparılıb, Eldar şamı ağaclarının quruma səbəbləri məlum olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin Meşəbərpa şöbəsinin müdiri Vahid Fərzəliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, son dövrlərdə havaların isti və quraq keçməsi, qışın şaxtasız günlərinin çoxluğu bir tərəfdən zərərverici həşəratların sayında artıma səbəb olur, digər tərəfdən isə ağacların zəifləməsinə, onların müqavimət qabiliyyətinin aşağı düşməsinə gətirib çıxarır.
Onun sözlərinə görə, Bakı-Ələt-Qazax avtomobil yolunun Yevlax rayonundan keçən hissəsinin (284-cü kilometrliyində) sağ və sol hissəsində əvvəllər əkilmiş Eldar şamı cinsindən olan ağaclar ziyanvericilərin törətdiyi xəstəliklər səbəbindən quruyub və xəstəliyin ətrafdakı digər sağlam ağaclara keçməməsi üçün qurumuş ağacların götürülməsinə zərurət yaranıb.
V.Fərzəliyev bildirib ki, ərazidəki quruyan ağaclar artıq nömrələnib, ətrafdakı digər sağlam ağacların yoluxmasının qarşısının alınması məqsədilə qurumuş ağacların bir hissəsi götürülüb. Hazırda digər qurumuş ağacların götürülməsi işləri aparılır, quru ağaclar Regional Meşə Təsərrüfatı Mərkəzinin işçiləri tərəfindən təmizlənərək ərazidən daşınır. Daha sonra sahə meşə əkininə hazırlanacaq və ərazidə yerli şəraitə uyğun yeni ağaclar əkiləcək.

Regionlar 2024-04-30 17:06:00