×
A
A
A
Sazlamalar

Qazaxıstanın neft ehtiyatları 1 trilyon tona çatacaq

Bakı, 8 aprel, AZƏRTAC

Qazaxıstanın neft ehtiyatları 1 trilyon tona çatacaq. AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Sənaye və Tikinti Nazirliyinin Geologiya Komitəsinin sədri Erlan Akbarov bildirib.
Komitə sədri qeyd edib ki, hazırda ölkənin 4 milyard 400 milyon tona bərabər neft ehtiyatları var. Bunlardan C1 kateqoriyalı emal olunan neft ehtiyatları 2 milyard 900 milyon ton təşkil edir. “Bu ehtiyatlar hazırkı yer təkinin istifadəçilərinə aiddir. Bundan başqa, bir sıra neft yataqlarında kəşfiyyat işləri aparılır. Onların həcmi hələ hesablanmayıb, yəni neftimizin tezliklə tükənəcəyinə inanmağa əsas yoxdur. Yerli neftin təxmini ehtiyatları 78 milyard ton təşkil edir”, -deyə E.Akbarov qeyd edib.
E.Akbarovun sözlərinə görə, yerli neft hasilatı sahəsində Avrasiya layihəsinə 2022-ci ildə start verilib. O əlavə edib: “Layihə çərçivəsində Xəzər dənizi hövzəsinin aşağı çöküntü qatının tədqiqi aparılır. Bunun üçün dövlət tərəfindən maliyyə vəsaiti ayrılıb, genişmiqyaslı işlər aparılır. Xəzər dənizinin səthindəki çöküntü süxurları 25 kilometr yüksəkliyə çatır. Elmi proqnozlar göstərdi ki, ehtiyatlar təxminən 1 trilyon tona çatacaq”.

Dünya 2024-04-08 16:08:00