×
A
A
A
Sazlamalar

Media: Qəzzada sülh danışıqlarında əhəmiyyətli irəliləyiş əldə olunub

Bakı, 8 aprel, AZƏRTAC

Qəzza zolağında vəziyyətin nizamlanması üçün Qahirə danışıqlarında mühüm irəliləyiş əldə edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Misirin “Al Qahera News” telekanalı yüksəkvəzifəli rəsmiyə istinadla məlumat yayıb.
Məlumata görə, HƏMAS və Qətər nümayəndə heyətləri Qahirəni tərk edib və iki gün ərzində yekun razılaşmanın şərtlərini müzakirə etmək üçün geri qayıdacaqlar. İsrail və ABŞ nümayəndə heyətləri isə bir neçə saat ərzində Misirin paytaxtını tərk edəcəklər.
Bildirilib ki, danışıqlar zamanı bir sıra əsas mübahisəli məsələlər üzrə tərəflər arasında konsensus əldə olunub.
Bazar günü Fələstinin HƏMAS-ın nümayəndə heyəti Qahirədə Misir Baş Kəşfiyyat İdarəsinin rəhbəri Abbas Kamel ilə görüşüb. Hərəkatın əsas şərtləri tam atəşkəs, İsrail hərbçilərinin Qəzza zolağından çıxarılması, köçkünlərin maneəsiz öz yaşayış yerlərinə qayıtması, Fələstin xalqına humanitar yardımın çatdırılmasının təmin edilməsi, anklavın yenidən qurulması, eləcə də Qəzzada saxlanılan israilli girovlar müqabilində fələstinli məhbusların azad edilməli olduğu məhbus mübadiləsi sazişinin tamamlanmasıdır.
Qeyd edək ki, aprelin 7-də Qahirədə Misir, Qətər, ABŞ, İsrail və HƏMAS nümayəndələrinin iştirakı ilə danışıqlar keçirilib.

Dünya 2024-04-08 08:31:00