×
A
A
A
Sazlamalar

İndoneziyada Ruanq vulkanı yenidən püskürüb

Bakı, 30 aprel, AZƏRTAC
İndoneziyanın Ruanq dağında yenidən vulkan püskürüb. Hakimiyyət orqanları 12 mindən çox insanın ərazidən məcburi təxliyəsi barədə göstəriş verib.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, İndoneziya geoloji agentliyi Sulavesi adasında təhlükə səviyyəsinin çox yüksək olduğunu bildirib, turistləri və yerli sakinləri vulkandan azı altı kilometr uzaq durmağa çağırıb.
Əyalətin paytaxtı Manadoda vulkandan təxminən 95 kilometr uzaqda yerləşən Sam Ratulanqi Beynəlxalq Hava Limanının rəsmiləri görmə məsafəsinin azalmasını və vulkanik külün təyyarə mühərrikləri üçün yaratdığı təhlükəni əsas gətirərək uçuşları dayandırıb.
Qeyd edək ki, 270 milyon əhalisi olan İndoneziyada 120 aktiv vulkan mövcuddur. 2018-ci ildə Anak Krakatau vulkanının püskürməsindən sonra dağın parçalanmış hissələrinin okeana düşməsi Sumatra və Yava sahillərində sunamiyə səbəb olub, nəticədə 430 nəfər həyatını itirib.

Dünya 2024-04-30 15:33:00