×
A
A
A
Sazlamalar

Ukrayna-Polşa sərhədində yük maşınlarının uzun növbəsi yaranıb

Kiyev, 8 aprel, AZƏRTAC

Polşa fermerləri yük maşınlarının Ukraynadan Polşaya keçməsinə icazə vermirlər. Hazırda üç istiqamət blokadada qalır. Növbədə 500-ə yaxın yük maşını var.
AZƏRTAC bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin (DSX) nümayəndəsi Andrey Demçenkoya istinadla xəbər verir.
Telemarafon zamanı Demçenko vurğulayıb ki, fermerlər xüsusilə Yaqodin və Rava-Russkaya istiqamətlərində yük maşınlarının keçməsinə icazə vermirlər. Onları sərhəddən buraxmağa cəhdlər edilib, lakin bu, uzun sürməyib. Son 24 saat ərzində Polşa qeyd olunan ərazilərdə yük maşınlarının keçməsində sıfır göstərici qeydə alıb.
“Ukrayna istiqamətində ən az sayda yük maşını Yaqodindən keçir, baxmayaraq ki, bu, çoxlu sayda nəqliyyat vasitəsinin sərhədi keçmə ehtiyacını ödəyə bilən ən böyük infrastruktur istiqamətidir. Son 24 saat ərzində keçidlərin sayı 60 yük maşını səviyyəsində olub”, - deyə Demçenko əlavə edib.
Ümumilikdə, Ukrayna-Polşa sərhədində 3 marşrut üzrə 500-ə yaxın yük maşını növbədə qalıb. Eyni zamanda, hələ bağlanmamış marşrutlarda da növbələr var: Krakovetsdə - təxminən 900, Şeginidə - təxminən 800 yük maşını sərhəd-keçid məntəqəsini keçə bilmir.
Qeyd edək ki, fevral ayında polşalı fermerlər ölkə boyu etiraz aksiyalarına başlayıblar. Onlar Ukrayna ərzaq məhsullarının idxalına qarşı çıxırlar, çünki bu, guya daxili bazarda qiymətlərə təsir edir.


Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2024-04-08 11:09:00