×
A
A
A
Sazlamalar

Paris-2024: Fransa paytaxtında aparılan “sosial təmizləmə” pislənilir

Paris, 8 aprel, AZƏRTAC

Paris-2024 Olimpiya Oyunları yaxınlaşdıqca, paytaxt prefekturası “sosial təmizləməni” sürətləndirir. Bu il beş təxliyə əmri evsizlərin düşərgələrinin sökülməsi ilə nəticələnib. Heç bir sığınacaq ümidi olmayan azyaşlılar paytaxt küçələrindəki sığınacaqlardan qovulur. Villot tunelinin altında yerləşən ən böyük düşərgə evakuasiya edilib. Evsizlərin çadırları polis tərəfindən dağıdılıb. Burada olan 400 qədər gənc heç bir yaşayış yeri təklifi almadan küçələrə səpələnib.
AZƏRTAC xəbər verir ki, son günlər Paris-2024 Olimpiya Oyunları yaxınlaşdıqca paytaxtdan sosial təmizləmə, yəni küçədə gecələyən evsizlərin qovulması prosesi sürətlənib. Həmçinin cüzi maaş alan və avtomobillərdə gecələyən kasıblarda son vaxtlar polis tərəfindən narahat edildiklərini, daimi yerlərini dəyişmək məcburiyyətində qaldıqlarını bildirirlər. Sena çayı üzərindəki körpülərin altında sığınacaq tapmış yüzlərlə azyaşlı polis tərəfindən “təhlükəsizlik tədbirləri” adı altında təxliyə edilib. Yeni sığınacaq tapmaq problemi ilə üzləşən bu azyaşlılar paytaxt küçələrinə səpələniblər. Onlara heç bir yaşayış yeri təklif olunmur.
Evsizlərə yardım edən, çadır və isti odeyal paylayan “Utopiya-56” assosiasiyasının nümayəndələri son günlər belə həssas kateqoriyadan olan insanlardan tez-tez zənglər gəldiyini deyirlər. Bildirirlər ki, Olimpiya oyunları yaxınlaşdıqca, küçədə gecələyən evsizlərin köçürülmə əməliyyatları da intensivləşib. Assosiasiyalar bunun böyük fəlakət olduğunu deyirlər. Çünki polis tərəfindən evakuasiya edilən evsizləri tapıb onlara yardım etmək çətinləşir.
Sosial assosiasiyalar küçələrdə yaşayan tənha, eləcə də hamilə qadınlara, gənc qızlara, körpələrə yaşayış yerləri tapmaq üçün həll yolları axtardıqlarını deyirlər. “Utopiya-56” assosiasiyası evsizlərin təhlükəsizliyini təmin etmək məqsədilə onları bir yerə topladıqlarını, çadır verdiklərini qeyd edirlər. Assosiasiyanın həmtəsisçisi Yann Manzi Fransada yoxsulluq və evsizliklə üzləşən minlərlə insanın vəziyyətinin son aylarda daha da pisləşdiyini vurğulayaraq deyir ki, hökumət artıq öz rolunu oynamır. Dövlətin ilk işi insanları yaşayış yeri və yeməklə təmin etməkdir. Artıq Fransada bu işləmir. On minlərlə unudulmuş insan küçələrdə gecələyir.
Y. Manzi 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına hazırlıqla bağlı evsizləri ictimai yerlərdən və Olimpiya obyektlərindən uzaq tutmaq məqsədi daşıyan "sosial təmizləmə"ni pisləyib. O, real yaşayış həlli təklif edilmədən evsiz insanların tez-tez və gözlənilmədən evakuasiya olunmasından təəssüflənir.

Dünya 2024-04-08 12:28:00