×
A
A
A
Sazlamalar

Ankara aeroportunda beynəlxalq reyslərin sayı artırılacaq

Ankara, 6 aprel, AZƏRTAC

Ankaranın “Esenboğa” hava limanında üçüncü uçuş-enmə zolağının istifadəyə verilməsi Türkiyə paytaxtına beynəlxalq aviareyslərin sayını artırmağa imkan verəcək. AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin infrastruktur və nəqliyyat naziri Abdulkadir Uraloğlu bildirib.
Nəqliyyat Nazirliyinin rəhbəri 2023-cü ilin fevral ayından hava limanının ərazisində aparılan işlərin gedişi ilə tanış olub. Uraloğlu xatırladıb ki, “Esenboğa” hava limanının modernləşdirilməsinə 298 milyon avroya qədər vəsaitin xərclənməsi planlaşdırılır. Üstəlik, iş dövlətlə özəl sektorun tərəfdaşlığı əsasında həyata keçirilir. Layihəyə dövlət tərəfindən heç bir vəsait ayrılmayıb.
“Esenboğa” hava limanının təkcə yeni uçuş-enmə zolağına deyil, həm də əlavə perron və terminallara ehtiyacı var. Bütün bunlar bizim planımızda mövcuddur”, - deyən Uraloğlu qeyd edib ki, paytaxtın hava limanının imkanları artıq ildə 20 milyon sərnişini qəbul etməyə imkan verir.
Nazir nəzarət qülləsinə baş çəkib, burada hava limanının əməkdaşları ilə söhbət edib.

 

Dünya 2024-04-06 11:07:00