×
A
A
A
Sazlamalar

Ceyhun Sultanov: AFFA-nın fəaliyyətində dəyişiklik edilsə, uğur qazanmaq olar

Bakı, 3 aprel, AZƏRTAC

“AFFA prezidenti seçilən Rövşən Nəcəfə çətin və məsuliyyətli işində uğurlar arzulayıram”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu Ceyhun Sultanov AFFA-nın yeni rəhbərliyi barədə danışarkən deyib.
O bildirib ki, fəaliyyət istiqamətlərində dəyişiklik edilsə, uğurlu nəticələr qazanmaq olar: “Bunun üçün zamana ehtiyac var. İndidən nəsə demək tezdir. İcraiyyə Komitəsinə seçilən şəxslər barədə gələcək nəticələrdən sonra danışmaq və tənqid etmək olar. Hazırda isə onlara yalnız uğurlar arzulamaq qalır”.
44 yaşlı funksioner yeni rəhbərliyin milli komandaya fayda vermək üçün əlindən gələni edəcəyinə inandığını vurğulayıb: “Hər şeyin yaxşı olacağına ümidliyəm. Hər kəs Azərbaycan millisinin beynəlxalq arenada yüksək nəticə qazanmasını istəyir. Ümid edirəm ki, yeni gələcək baş məşqçi də ölkə futbolunun inkişafına fayda verəcək”.
Qeyd edək ki, Rövşən Nəcəf AFFA-nın ötən gün keçirilmiş Hesabat-Seçki Konfransından sonra qurumun prezidenti seçilib. O, bu vəzifədə Rövnəq Abdullayevi əvəz edib.

İdman 2024-04-03 14:36:00