×
A
A
A
Sazlamalar

Rusiyalı baş məşqçi: Azərbaycanda qazandığım təcrübə mənə kömək edəcək

Bakı, 3 aprel, AZƏRTAC
“Azərbaycan mənim üçün ikinci Vətən idi. On ildən çox orada işlədim və bu müddət ərzində böyük təcrübə topladım. Ümid edirəm ki, orada qazandığım təcrübələr yeni iş yerimdə mənə kömək edəcək”.
AZƏRTAC xəbər verir ki, bu sözləri sərbəst güləş üzrə Azərbaycan millisinin sabiq böyük məşqçisi Zəlimxan Hüseynov Rusiya mətbuatına açıqlamasında deyib.
42 yaşlı mütəxəssis Azərbaycan yığmasından ayrılmağının səbəblərinə aydınlıq gətirib: “Düzünü desəm, sadəcə yorulmuşdum. Daimi uçuşlar və bir ölkədən digərinə yollanmaq, təlim-məşq toplanışları, həmçinin yarışlar böyük enerji tələb edirdi. Ailəmlə daha çox vaxt keçirmək və ölkəmdə işləmək istəyirdim. Eyni səbəbdən digər əcnəbi komandalardan gələn bir neçə təklifdən imtina etdim. Azərbaycan haqqında ancaq ən xoş sözləri deyə bilərəm. Mənə verdikləri dəstəyə hər kəsə və səmimi azarkeşlərə təşəkkür edirəm”.
Qeyd edək ki, Zəlimxan Hüseynov 2008–2013-cü illərdə Azərbaycan millisinin şərəfini qoruyub. Daha sonra məşqçi kimi çalışan mütəxəssis ötən il yığmadan ayrılıb. O, hazırda sərbəst güləş üzrə gənclərdən ibarət Rusiya seçməsinin baş məşqçisidir.

 

İdman 2024-04-03 12:17:00