×
A
A
A
Sazlamalar

Patrik Andrade: Bizim qızıl qaydamız hər oyunda qalib gəlməkdir

Bakı, 3 aprel, AZƏRTAC

"Oyun çətin keçdi. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırdıq".
Bu sözləri AZƏRTAC-a açıqlamasında "Qarabağ"ın futbolçusu Patrik Andrade Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk matçında səfərdə "Neftçi"yə 4:0 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.
O, "ağ-qaralar" üzərində qazanılan qələbənin vacib olduğunu bildirib: "Yaxşı mübarizə apardıq. Komanda yoldaşlarımla qürur duyuram. "Qarabağ"a hər zaman zəfər yaraşır. Qalib gəldiyimiz üçün çox xoşbəxtik. İndi Azərbaycan Premyer Liqasının növbəti turunda "Səbail"lə qarşılaşacağıq. Çempionluğu təmin etsək də, bu matça ciddi hazırlaşacağıq. Hədəf üç xal qazanmaqdır".
31 yaşlı yarımmüdafiəçi bütün oyunlara eyni motivasiya ilə çıxdıqlarını qeyd edib: "Bizim qızıl qaydamız hər oyunda qalib gəlməkdir. Bunu hər dəfə təkrarlamağa çalışırıq. Xoşbəxtik ki, yenidən ölkə çempionu olduq. Bu cür nəticələr bizə əlavə stimul verir".
P. Andrade "Neftçi Arena"ya gələrək onları dəstəkləyən azarkeşlərə də təşəkkür edib: "Həqiqətən də stadionda əla atmosfer var idi. Azarkeşlərin dəstəyi bizim çıxışımıza da müsbət mənada təsir edir".
Qeyd edək ki, Azərbayan Kuboku çərçivəsində "Qarabağ" və "Neftçi" arasındakı keçiriləcək cavab qarşılaşması aprelin 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

 

İdman 2024-04-03 10:23:00