×
A
A
A
Sazlamalar

Bahar müjdəli festival - Naxçıvandan reportaj

Naxçıvan, 21 mart, Nail Əsgərov, AZƏRTAC

Hər qarışı Naxçıvan şəhərinin qədim, zəngin qəhrəmanlıq tarixindən danışan “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi baharın gəlişi müjdəsi ilə öz qapılarını qonaqlarının üzünə açıb. Səhərin erkən saatlarından böyükdən-kiçiyə hər kəs bayramı qeyd etmək üçün yolunu bu ünvandan salır. Elə qədim qala qapılarının önündəcə yazın təravətli nəfəsi insanı ağuşuna alıb içəri çəkir...
AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşının muxtar respublikada keçirilən “Bahar” festivalından hazırladığı reportajı təqdim edirik.
Budur, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin təbliğ olunduğu Bahar festivalının keçirildiyi məkandayıq. Bizi Novruzun personajları Səməni, Kosa və Keçəl qarşılayır. Burada muxtar respublikanın hər bölgəsinin özünəməxsus bayram təmtərağını, süfrəsini, naz-nemətini görmək olur. Milli geyimli qız-gəlinlər kündə açıb şəkərbura, paxlava, kətə hazırlayır, oğlanlar rəqs edir, “Yallı” gedir, uşaqlar oynayır, əylənirlər. Mədəniyyət kollektivlərinin teatr tamaşaları, səhnəcikləri, rəssamların, sənətkarların əl işləri, dekorativ-tətbiqi sənət nümunələri insanlara nostalji duyğular, xoş xatirələr yaşadır. Naxçıvan Dövlət Filarmoniyasının Qədim alətlər ansamblı, Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecinin “Naxçıvanqala” ritm qrupu, Şərur Xalq Yallı Ansamblı və digər kollektivlər tərəfindən təqdim olunan musiqi və rəqs nömrələri festivalı daha da əyləncəli, könüloxşayan edir. Baharı burada qarşılayan insanlardan bir neçəsinin təəssüratlarını öyrənməyə çalışırıq.
Mehman Allahverdiyev əslən Qubadlı rayonunun Xocahan kəndindəndir. Bakı şəhərində yaşayır. Naxçıvana bayramı nəvələri ilə birgə qeyd etməyə gəlib. “Artıq dördüncü ildir Novruzun, baharın gəlişi daha gözəl, daha könülaçan olub. Bu, bütün Azərbaycan xalqı kimi, mənim üçün də ikiqat bayramdır. Çünki müzəffər Ordumuz işğal altındakı bütün torpaqları, o cümlədən ata yurdum Qubadlı rayonunu azad edib. Bu gün Ali Baş Komandanımızın rəhbərliyi ilə qədim Qarabağ elinə əbədi bahar gəlib, başdan-başa dəyişilir, yeni görkəminə qovuşur el-obamız. Fəxr edirik ki, Novruz tonqallarımız Şuşada, Xankəndidə qalanır. Növbəti bayramları öz doğma yurdumda qeyd etməyin arzusu ilə yaşayıram. Bu gün Naxçıvanda keçirilən “Bahar” festivalı da olduqca maraqlı və yaddaqalan keçir. Burada əylənən uşaqların sevincini izləmək nəyə desəniz dəyər. Ləziz mətbəx nümunələrindən kətənin, şəkərburanın da dadına baxdım. Çox bəyəndim. Hər kəsin bayramın təbrik edirəm”, - deyə Mehman Allahverdiyev təəssüratlarını bölüşərək bildirib.
Naxçıvan şəhər sakini Sevinc Rzayeva da ailəsi ilə birgə baharı şən əhvali-ruhiyyədə qarşılamaq üçün Naxçıvanqalaya üz tutub. Bakıdan gələn qızı və nəvələri ilə gözəl bayram keçirdiyini deyən Sevinc xanım bildirir: “Naxçıvanda hər əlamətdar gün fərqli şəkildə qeyd olunur. Naxçıvanqalada keçirilən bir sıra festivallara qatılmışam. Qalanın içərisi geniş, şəraiti əlverişli olduğu üçün hər dəfə maraqlı keçir, yaddaqalan olur tədbirlər. Burada eyni anda rahat gəzmək, təamların dadına baxmaq, xalq mahnılarından zövq almaq insanlara mədəni istirahət bəxş edir. Bir neçə gün öncə instaqramda Naxçıvanda “Bahar” festivalının keçiriləcəyini öyrəndim və çox sevindim. Bu gün də nəvələrimi götürüb ilimizin bu gözəl fəslini qarşılamağa gəlmişəm. Uşaqlar doyunca əylənir, biz böyüklər isə qədim adət-ənənələrimizə, xalq tamaşalarına, yallılara tamaşa edirik. Təşkilatçılara təşəkkürümü bildirirəm. Bayramınız mübarək”.
Bayramı Naxçıvanqalada qeyd edən uşaqlardan biri də Cavidan Həsənovdur. On iki yaşlı Cavidan Heydər Əliyev adına tam orta məktəbin altıncı sinfində oxuyur. “Tətil günləri belə bir festivala təsadüf etdiyi üçün çox sevinirəm. Burada çoxlu həmyaşıdım var. Onlarla əyləncəli oyunlar oynayırıq. Bizim üçün gözəl, maraqlı səhnəciklər də nümayiş olunur. Özümüzü xoşbəxt hiss edirik. İnanıram ki, bu istirahət zehni yorğunluğumu tamamilə aradan götürəcək və dərslərimə daha həvəslə yanaşacağam. Hər kəsin bayramı mübarək olsun”.
Martın 24-dək davam edəcək “Bahar” festivalında hər gün fərqli, maraqlı proqramı və sevimli müğənnilərin konsertləri ilə iştirakçıların, qonaqların görüşünə gələcək.

Regionlar 2024-03-21 08:45:00