×
A
A
A
Sazlamalar

ETX rəsmisi: Hazırda vatsap hesablarının oğurlanması ilə bağlı araşdırma davam etdirilir

Bakı, 27 avqust, AZƏRTAC

Elektron Təhlükəsizlik Xidməti vatsap və digər tətbiqlərdə istifadəçilərin hesablarının ələ keçirilməsi halları ilə bağlı xəbərdarlıq edir. Son zamanlar vatsap və digər tətbiqlərdə istifadəçilərin hesablarının ələ keçirilməsi halları artıb. Müxtəlif platformalarda hesabların ələ keçirilməsi vətəndaşların fərdi məlumatlarının qanunsuz istifadəsi, eləcə də onların adından kiberdələduzluğun həyata keçirilməsi ilə nəticələnə bilər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ləman Hüseynzadə deyib.
“İlkin araşdırma nəticələrinə əsasən deyə bilərik ki, hesabların oğurlanmasına səbəb vətəndaşlara göndərilən birdəfəlik şifrlərin beynəlxalq SMS daşıyıcıları səviyyəsində ələ keçirilməsindən qaynaqlanır. Hazırda Elektron Təhlükəsizlik Xidməti tərəfindən müvafiq qurumlarla birgə araşdırma davam etdirilir”, - deyə sektor müdiri bildirib.
Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ləman Hüseynzadə tövsiyə edib ki, vətəndaşlar müxtəlif platformalarda mövcud olan hesablarının təhlükəsizliyini təmin etmək üçün ikimərhələli təsdiqləməni mütləq aktiv etsinlər. “Qeyd etdiyim ikimərhələli təsdiqləmə funksiyası aktivləşdirilmədiyi təqdirdə, həmin hesabların ələ keçirilməsi riski yüksəkdir. Hesabı ələ keçirilən şəxslər isə həmin platformaların dəstək bölməsi vasitəsilə inzibatçıya müraciət edə bilərlər, - deyə Ləman Hüseynzadə vurğulayıb.
Geniş istifadə olunan bəzi tətbiqlər üçün ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirməklə bağlı təlimatlarla linkə keçid edərək tanış olmaq mümkündür.

İKT 2023-08-27 01:42:00