×
A
A
A
Sazlamalar

Milli domen adlarında Azərbaycan hərflərindən istifadə olunacaq

Bakı, 25 avqust, AZƏRTAC

Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə əsas tələblərdən biri də internetdir. Ölkəmizdə internetin yaxşılaşdırılması ilə bağlı çoxşaxəli işlər gedir. İnternetin əlçatanlığı deyəndə ən çox sürət ağlımıza gəlir, lakin daha önəmli məsələlər də var. Misal üçün IP ünvanları və ya domen məsələsi də çox vacib məsələdir.
Bu gün “.az” milli domeninin 30 yaşı tamam olur. 1993-cü il 25 avqustda “az” milli domeni istifadəyə verilib. Buradakı “az” şərti işarəsi Azərbaycan Respublikasına mənsub olmaqla yüksək səviyyəli ölkə kodudur. 30 ildir ki, “az” domeni qlobal internet şəbəkəsində ölkəmizə məxsus milli seqmenti əks etdirir. Son statistikaya görə, ölkə üzrə 42 min 358 sayt qeydiyyatdan keçib. Bütün xidmət və proseslərin onlayna keçid dövründə bu statistika bizə nə göstərir?!
Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası”nın (AİKTSA) İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov bildirib.
“Bildiyimiz kimi bir çox ölkələr artıq öz əlifbalarına uyğun domen adlarını istifadəyə veriblər. Bu istiqamətdə Azərbaycanda da iş gedir. Məndə olan məlumata görə yaxın müddət ərzində "ə, ö, ğ, ü, ı, ç, ş" hərifləri ilə domen adlarının qeydiyyatına hazırlıq gedir. Azərbaycan əlifbası ilə domen adları yaxın zamanda istifadəyə veriləcək”, - deyə E.Abbasov vurğulayıb.
Ekspertin sözlərinə görə, ölkələr üzrə yuxarı dərəcəli domenləri qeydiyyata alan qurum “Internet Corporation for Assigned Names and Numbers” (ICANN) adlanır. Bu qurum tərəfindən yuxarı dərəcəli “.az” milli domeni 1993-cü ildə qeydiyyata alınıb. “.az” domenini ICANN-dan qeydiyyatdan keçirən İNTRANS şirkətidir və ““az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”nın və “Domen adlarının reyestrinə daxil edilən məlumatların Siyahısı”nın təsdiqedilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 fevral tarixli Qərarı ilə təsdiq edilmiş qaydaları əsasında fəaliyyət göstərməkdədir.

İKT 2023-08-25 18:21:00